Azərbaycan və Qazaxıstan müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi ilə bağlı bəyannamə imzalayıb

Azərbaycan və Qazaxıstan prezidentləri (Foto AZERTAC-dır)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda səfərdədir.

Avqustun 24-də Azərbaycan və Qazaxıstan prezidentlərinin danışıqlarının yekunlarına əsasən Kasım-Jomart Tokayev və İlham Əliyev Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar.

İki ölkə arasında həmçinin ticarət-iqtisadi, kommunikasiya, mədəniyyət, medianın inkişafı, aerokosmik və tranzit yükdaşımalar sahəsini əhatə edən sənədlər imzalanıb.

Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan və Qazaxıstan prezidentləri "siyasi, ticarət-iqtisadi, nəqliyyat-tranzit və mədəni-humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirərək Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığına dair əsas məsələləri" müzakirə ediblər.

“Qazaxıstan və Azərbaycan yaxın dövlətlərdir, biz strateji tərəfdaş və müttəfiqik. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalanıb," Kasım-Jomart Tokayev deyib.

O əlavə edib ki, Azərbaycana "xüsusi missiya ilə – ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün" gəlib.

Sonra o, iki ölkə arasında ticarət dövriyyəsinin ildə 1 milyard dollara çatdırılması üçün ticarətin gücləndirilməsinə tərəfdar olduğunu bildirib.

Tokayev humanitar əməkdaşlığı möhkəmləndirməyə, Qazaxıstanda Azərbaycan mədəniyyəti dekadasını keçirməyə çağırıb.

İlham Əliyev cavab sözündə Qazaxıstanın "Qızıl Qartal" ali ordenilə təltif olunmasına və azad olunmuş ərazilərdə Qazaxıstan tərəfindən Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin inşasına görə təşəkkürünü bildirib.

İkitərəfli əməkdaşlığa toxunan Əliyev iki ölkə arasında yük axınının artırılması, onların tranzit potensialının gücləndirilməsi üçün nəqliyyat-logistika infrastrukturunun inkişafını qeyd edib.

“Müvafiq orqanlar artıq müəyyən müddətdir ki, bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərirlər," Əliyev vurğulayıb.

O, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasına tərəfdar olduğunu bildirib.

"Düşünürəm ki, bu istiqamətdə səylərimizi birləşdirərək, Azərbaycanda, Qazaxıstanda və ola bilsin ki, başqa ölkələrdə birgə investisiya layihələrində iştirak etməyin vaxtı çatıb," İlham Əliyev deyib.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, regionun qonşuluğunda baş verən geosiyasi dəyişikliklər Qazaxıstan və Azərbaycan üçün bir sıra daxili və xarici təhlükəsizlik çağırışları yaradır.

“Regionda baş verən geosiyasi dəyişikliklər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tarixi şans yaradıb. Bunun üçün investisiya təhlükəsizliyi mühitinin yaradılması, ticarət və gömrük sahəsində dövlət strukturlarının fəaliyyətlərinin sinxronizasiya edilməsi vacibdir, ekspert Rusiya-Ukrayna müharibəsinə işarə edərək qeyd edib.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov isə bu günlərdə Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclasında deyib ki, son dövrlərdə Orta Koridora tələbat artıb.

Ekspert Nağı Əhmədov Orta Koridor ilə tranzit yükdaşımalarının artması ilə yanaşı Azərbaycan ilə bu koridor üzərində yerləşən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan arasında son illərdə ticarət dövriyyəsinin həcmində artım tendensiyasının müşahidə olunduğunu bildirib.

“Bu ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında ticarət ötən ilə nisbətən altı dəfədən çox artaraq tarixi zirvəsin çatıb,” o qeyd edib.