Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə tranzit gömrük prosedurlarını asanlaşdırır

TRACECA

“Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.

Sənədə avqustun 18-də Bakıda keçirilən üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb.

Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

"Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında, səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq, mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək," sənəddə qeyd edilir.

Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında çıxış edən nümayəndə heyətlərinin rəhbərləri regional və beynəlxalq ticarətin asan, sürətli reallaşdırılmasında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, sazişin bu istiqamətdə fəaliyyətin daha səmərəli qurulmasına mühüm töhfə verəcəyini bildirib.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna münaribəsi başlayandan sonra şimal marşrutları üzrə bir çox yüklərin daşınması artıq şərq-qərb maşrutuna, yəni Avropa-Qafqaz-Asiya dəhliznin üzərinə keçib.

“Bizim dəhliz ilə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı üzrə yük daşımaları artıb. Dəmir yolu ilə Çin-Avropa daşımalarında ən çox konteyner daşımalarında artım var. Təkcə bu il Çin-Avropa marşrutu üzrə 70 blok qatar göndərilib. Bu da tarixi göstəricidir. Biz gözləyirik ki, yaxın zamanda bu artım 100-150 min konteynerə qədər yüksələcək. 2030-cü ilədək artımın 300 min konteynerədər olacağını gözləyirik.”

Rüfət Bayramovun sözlərinə görə, hazırda nəqliyyat dəhlizi boyunca yerləşən Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə ölkələrinin gömrük və sərhəd-keçid məntəqələrində uyğunlaşma işləri davam etdirilir.

“Amma nəzərə almaq lazımdır ki, TRACECA ölkələrinin hüquq sistemi fərqlidir. Məsələn, Mərkəzi Asiya ölkələri Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə isə Avropa ölkələrində tətbiq olunan NSTS sisteminə (Ortaq Tranzit Rejimi) qoşulub. Eyni zamanda,müəyyən tədqiqatlar apararaq tövsiyələr veririk. Məsələn, sərhədlərdə elektron sıraların yaradılmasını təklif etmişik. Azərbaycan artıq sərhədlərində bunun tətbiqinə başlayıb. Azərbaycan həm də kağız sənədlərin dövriyyəsindən elektron sənədlərin dövriyəsinə keçib,” o qeyd edib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur.

Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yoludur.