Azərbaycan İran ərazisindən Naxçıvana keçəcək kommunikasiya xətlərinin tikintisini müzakirə edib

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə görüşüb.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

Tərəflər qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərinin ətrafında geniş fikir mübadiləsi aparıblar.

Bu il martın 11-də Bakıda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalayıb

Sənəddə İran ərazisindən Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu və Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması nəzərdə tutulur.

Dəhliz İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq.

Ekspertlər hesab edir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra imzalanan atəşkəs bəyanatı ilə Azərbaycanın Ermənistanın Syunik əyaləti (Qərbi Zəngəzur) vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhliz yaratması nəzərdə tutulsa da, Ermənistan höküməti hələ bu istiqamətdə addım atmayıb.

Azərbaycan məhz bundan sonra İranla sənəd imzalayıb.