Accessibility links

İran avtomobillərinə gömrük rüsumu tətbiqindən sonra Azərbaycan Prezidentinin köməkçisi və İran səfiri görüşüb


Hikmət Hacıyev və. Seyid Abbas Musəvi
Hikmət Hacıyev və. Seyid Abbas Musəvi

Sentyabrın 13-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev Twitter-də yazıb.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik,” Hacıyev qeyd edib.

Hikmət Hacıyev və Seyid Abbas Musəvi
Hikmət Hacıyev və Seyid Abbas Musəvi

Səfir Seyid Abbas Musəvi də görüş barədə Twitter-də məlumat yayıb.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik.”, Musəvi qeyd edib.

Məlumatlarda görüşün detalları ilə bağlı danışılmasa da, müşahidəçilərin fikrincə, İranın yük avtomobillərinin Dağlıq Qarabağa yüklər çatdırlması ilə bağlı son günlərin diplomatik gündəliyində olan məsələlər müzakirə edilib.

Belə ki, görüş Azərbaycan tərəfinin İrandan Ermənistana yük daşıyan avtomobillərə gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinin sentyabrın 13-də məlumat yaydığı günə təsadüf edir.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinə və ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Azərbaycan beynəlxalq səviyyədə suverenliyində olan ərazilərini azad etdikdən sonra İrandan Ermənistana gedən əsas avtomobil yolunun bir hissəsi Azərbaycanın ərazisində qalıb. Bu yoldan istifadə etmədən İrandan gedən ağır tonnajlı yük avtomobillərinin Ermənistanın əsas ərazilərinə keçməsi mümkün deyil. Azərbaycan Ermənistanın öz ərazisindən yol çəkənədək avtomobillərin bu yoldan istifadəsinə icazə verib və indiyədək rüsum tətbiq etməyib.

Yoldan istifadə edən İranın yük avtomobilləri Ermənistandan keçərək Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilmiş Laçın korridoru vasitəsi ilə Dağlıq Qarabağa yüklər çatdırır. Bu isə Azərbaycanın narazılığı ilə qarşılanır. Bu il avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa İranın yük maşınlarının “qanunsuz olaraq yük daşımasına” etiraz olaraq rəsmi Tehrana nota təqdim edib.

Bundan sonra, yük daşımalarının davam etməsi ilə bağlı yenidən sosial şəbəkələrdə videolar nümayiş etdirilib.

Sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə etiraz məktubları ünvanlaması barədə məlumat yayıb.

“Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub. Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır,” Azərbaycan Müdafiə Nazirliyi qeyd edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəçilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib. İşçi qrupunun son iclası bu il avqustun 17-də Moskvada keçirilib.

XS
SM
MD
LG