Accessibility links

Beynəlxalq jurnalistlərin "Xədicə"layihəsi


Dünyanın hər yerindən onlarla jurnalist həbsdə olan jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış işini davam etdirmək üçün “Xədicə” layihəsi ətrafında birləşib. Layihənin yaradıcısı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (The Organized Crime and Corruption Reporting Project – OCCRP) təşkilatının direktoru Drü Sallivan (Drew Sullivan) AzadlıqRadiosuna deyib ki, hədəf İlham Əliyevin ailə üzvlərinə məxsus olduğu güman edilən müəssisələri tapıb üzə çıxarmaqdır:

“Biz göstərmək istəyirik ki, bir jurnalist həbs olunanda on jurnalist ortaya çıxıb deyəcək ki, yarımçıq qalmış işi mən bitirəyəcəm.”- Drü Sallivan

“Biz göstərmək istəyirik ki, reportyor həbs olunanda və fəaliyyət göstərə bilməyəndə, başqa reportyorlar meydana çıxırlar və işi davam etdirirlər. Biz göstərmək istəyirik ki, bir jurnalist həbs olunanda on jurnalist ortaya çıxıb deyəcək ki, yarımçıq qalmış işi mən bitirəyəcəm. Sən bir reportyordan canını qurtara bilərsən, amma sonra on, iyirmi, hətta yüz reportyorun öhdəsindən gəlməli olacaqsan”.

Drew Sullivan
Drew Sullivan

“Xədicə” layihəsi kütləviləşir

Drü Sallivan deyib ki, hazırda dünyanın ən müxtəlif ölkələrindən 25-ə yaxın araşdırmaçı jurnalist artıq “Xədicə” layihəsində çalışır. Məqsəd isə bu sayı 100-ə çatdırmaqdır.

“Xədicə” layihəsi artır ilk araşdırmanı Xədicə İsmayılın doğum günündə - mayın 27-də təqdim edib. Bu araşdırma iddia edir ki, İsveçin TeliaSonera şirkətinin iştirakı ilə Azərbaycan prezidentinə və onun ailəsinə yaxın şirkət Azercell Telecom-da 1 milyard dollardan çox payı mənimsəyib. Bu məlumat İsveçdə qalmaqala səbəb olub.

TeliaSonera razılaşmanın qanunsuz olduğunu inkar etməyib.

“Biz dünyadakı bütün daşları qaldırıb, Xədicənin əvəzindən həqiqətləri çatdıracağıq”- Drü Sallivan

Bir jurnalistin yerinə onu qalxacaq

Araşdırmanın müəlliflərindən biri Miranda Patruşiç (Miranda Patrucic) AzadlıqRadiosuna müsahibəsində deyir:

“Biz hakimiyyətin Xədicəni həbsdə saxlamaq qərarına qarşı mübarizə aparırıq. Nə qədər ki, Xədicə həbsdədir, biz- dünyanın ən yaxşı araşdırmaçı jurnalistləri dünyada bütün daşları qaldırıb, onun əvəzindən həqiqətləri Azərbaycan xalqına çatdıracağıq. Bu da bizim yolumuzdur- göstərmək istəyirik ki, siz jurnalisti həbs edə bilərsiz, amma əvəzində onlarla təcrübəli, beynəlxalq jurnalist meydana çıxıb, Azərbaycan xalqına həqiqətləri deməkdə davam edəcək”.

“Birinci ailə haqda deməyə sözümüz çoxdur…”

“Xədicə” layihəsindəki ilk araşdırma dərc olunandan sonra prezidentin siyasi ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov virtual.az-a müsahibəsində deyib ki, bu araşdırma “qara piardır və bu şəxslər layiqli cavablarını alacaqlar”.

“Bizim ölkənin 1-ci ailəsi haqqında deməyə çox sözümüz var, amma demirik, gözləyirik ki, bu məlumatları sübuta yetirək.”- Drü Sallivan

Drü Sallivan bu açıqlamaya cavabında deyir:

“Bu bir qədər ironik deyilmi? Azərbaycan hökuməti Xədicəyə qarşı özünün davamlı qara PR kampaniyalarını təşkil edib. Onun oğlan dostu ilə intim görüntüləri yayımlanıb, daha sonra onun ailəsi erməni adlandırılıb. Onlardan fərqli olaraq bizim təqdim etdiyimiz məlumatlar fakta əsaslanır. Istənilən adam internetə girib bu məlumatları yoxlaya bilər. Bizim ölkənin 1-ci ailəsi haqqında deməyə çox sözümüz var, amma demirik, gözləyirik ki, bu məlumatları sübuta yetirək”.

Belə bir təcrübə artıq var

OCCRP haqqında səslənən fikirlərdən biri də budur ki, bu təşkilata məlumatlar ABŞ xüsusi xidmət orqanları tərəfindən ötürülür.

Drü Sallivan deyir ki, xüsusi xidmət orqanları ilə heç bir bağlılığı yoxdur, bu təşkilatın maliyyə mənbəyinə gəlincə, onlar vəsaiti ABŞ hökumətindən, Açıq Cəmiyyət İnstitutundan, müxtəlif fondlar və fərdlərdən alırlar.

1976-cı ildə ABŞ-ın Arizona ştatında Don Bolles adlı araşdırmaçı jurnalist mütəşəkkil cinayətkar qrup tərəfindən qətlə yetirilir. Investigative Reporters and Editors – Araşdırmaçı Reportyorlar və redaktorlar təşkilatı onun işlərini davam etdirmək üçün bir araya toplaşıb “Arizona” layihəsini yaradırlar. Drü Sallivan deyib ki, “Xədicə” layihəsinin ideyası da həmin layihədən gəlir. “Bu layihə çox uğurlu olmuşdu və ABŞ-da jurnalistlərə qarşı təzyiqləri xeyli dərəcədə azaltmışdı”.

XS
SM
MD
LG