Accessibility links

AzadlıqRadiosu Azərbaycanda öz hüquqlarını qorumaq üçün hərəkətə keçir


AzadlıqRadiosu ötən ilin dekabrında Azərbaycan hökuməti xarici təşkilatlara qarşı kampaniyasının gedişində radionun ofisini möhürləyəndən sonra Bakıdakı ofisini bağlayıb.

«Azərbaycan hakimiyyətinin qanunsuz və əsassız hərəkət etməsi bizim işçi heyətimiz və onların ailə üzvlərinin dərin və bir çox hallarda silinməz iztirabı və köçməsi ilə nəticələnib» – deyə AzadlıqRadiosu-nun baş redaktoru Nenad Pejic bildirib. Pejic həmçinin bildirib ki, şirkət özünün və işçi heyətinin hökumətin hərəkətləri qarşısında hüquq və maraqlarını müdafiə etmək üçün bütün addımları atmağa hazırdır.

Hökumətin bu hərəkətlərinə AzadlıqRadiosu-nun Bakı bürosuna reyd keçirilməsi və bu zaman şirkətin sənədlərinin, möhür və avadanlığının qanuni prosedurlara əməl edilmədən müsadirə olunması, Bakı bürosu işçilərinin hüquqi təmsilçiliyinin təmin edilmədən dindirilməsi və saxlanması, büronun hüquq nümayəndəsinin məhkəmə prosesindən çıxarılması, heyət üzvlərinin qohumlarının təhdid edilməsi, bəzi işçilərə qanunsuz səfər məhdudiyyətlərinin qoyulması daxildir.

AzadlıqRadiosu həmçinin radionun əməkdaşı, beynəlxalq miqyasda araşdırmaçı jurnalist kimi tanınmış Xədicə İsmayılovanın əleyhinə hökumət ittihamlarına qarşı çıxır. Xədicə İsmayılova dekabrın 5-də həbs olunub və ona qarşı AzadlıqRadiosu-nun əleyhinə yönəldilən iddialardan doğan ittihamlar əsasında hələ də həbsxanada saxlanır.

Son 60 ildə olduğu kimi...

Azərbaycanda AzadlıqRadiosu kimi tanınan Azad Avropa/AzadlıqRadiosunun Azərbaycan xidməti öz bürosunun bağlanmasına baxmayaraq, Azərbaycanda özünün xəbər toplamaq və reportajlar vermək funksiyalarını yerinə yetirməkdə davam edir və hələ də rəqəmli və peyk yayın üsulları ilə fəaliyyət göstərir.

Nenad Pejic bildirib: «Biz öz missiyamızı icra etmək məqsədilə bundan 60 il əvvəldən çox müddətdə olduğu kimi işimizi dava etdirəcəyik. Biz AzadlıqRadiosu-na və onun işçi heyətinə qarşı Azərbaycan hökumətinin son bir neçə ayda törətdiyi hərəkətlərdən təəssüf hissi duyuruq. Biz Azərbaycan hökumətini təməl haqlara və azadlıqlara olan öhdəliklərini yerinə yetirməyə, öz vətəndaşlarını incidən və ölkənin gələcəyini şikəst edən repressiya kampaniyasına son qoymağa çağırırıq».

AzadlıqRadiosu özəl, müstəqil beynəlxalq xəbər təşkilatıdır və radio, internet, televiziya və mobil rabitə vasitəsilə Rusiya, Ukrayna, İran, İraq, Əfqanıstan, Pakistan, Mərkəzi Asiya və Qafqaz ölkələri də daxil 21 ölkədəki mötəbər auditoriyalara proqramlar yayır.

Radio ABŞ-ın Yayım Şurası (BBG) vasitəsilə Konqres tərəfindən maliyyələşdirilir.

XS
SM
MD
LG