Accessibility links

Tural Mustafayev: Mən bir daha təsdiq edirəm ki, məcbur olunmuşam [Video-Müsahibə]


Tural Mustafayev: Mən bir daha təsdiqləyirəm ki, mən buna məcbur olunmuşam
please wait

No media source currently available

0:00 0:07:50 0:00

Xədicə İsmayılova barədə şikayətindən imtina edən jurnalist həbs ediləcəyini ehtimal edir

Jurnalist Tural Mustafayev Amerikanın Səsinə müsahibəsində Xədicə İsmayılova barədə şikayəti, saxlanılması, təzyiq altında şikayət ərizəsi yazması, işgəncələrə məruz qalmasından danışır. O, mayın 5-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Mustafayev hazırda ifadə verir.

Amerikanın Səsi: Tural, indi sizi istintaqa çağırıblar, nə məqsədlə çağırıblar?

Sənan Paşayevin otağında yenidən ifadələrimi təsdiq eləməyə məcbur ediblər.

Tural Mustafayev: Dünən saat 20:50-də atama müstəntiq Sənan Paşayev zəng vurub. Bildirib ki, məni də götürüb Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gəlsin. Heç bir məlumat verilməyib. Qeyd edim ki, Ağır Cinayətlərə dair İstintaq İdarəsində fevralın 27-də olmuşam 3 MTN əməkdaşı ilə birlikdə. Sənan Paşayevin otağında yenidən ifadələrimi təsdiq eləməyə məcbur ediblər. MTN əməkdaşı, xüsusi təyinatlı Elməddin Məmmədov istintaq otağında olub. Mən buna etiraz etsəm də məhəl qoyan olmadı. Kimdən kimə şikayət edəsən?

Amerikanın Səsi: Siz Xədicə İsmayılova ilə bağlı şikayət ərizənizdən imtina etmisiniz, yoxsa yox?

Tural Mustafayev: Bəli etmişəm. Aprelin 7-də mən ərizəni yazmışam və göndərmişəm Baş prokuror Zakir Qaralova.

Ameikanın Səsi: Cavabları nə olub?

Şikayət ərizəsini Bakı şəhər prokurorluğunun birinci müavini Azər Əsgərovun təkidi nəticəsində, onun sözləri ilə diqtə-diqtə yazmışam.

Tural Mustafayev: Cavab gec gəldi, hardasa aprelin 26-da gəldi. Cavabı Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar müəllim yazmışdı ki, sizin göndərdiyiniz ərizənizə tezliklə cavab veriləcək.

Mən bir daha təsdiqləyirəm ki, mən buna məcbur olunmuşam. Şikayət ərizəsini Bakı şəhər prokurorluğunun birinci müavini Azər Əsgərovun təkidi nəticəsində, onun sözləri ilə diqtə-diqtə yazmışam. Yazmağa məcbur ediblər. Video görüntülər göstəriblər, mənim evimdə çəkilən. Bu video görüntülər açıq-saçıq video görüntülərdi. Mənim evimə gələn qonaqların hamısının videoları çəkilib. Orada 6-7 nəfər var. Bunlarla məcbur olunurdum. İsa Şahmarlı (LGBT üzvü) ilə birlikdə qalmışdıq, Nizami metrosunun yanında. Biz evdən çıxandan bir ay sonra İsa Şahmarlı özünü asıb öldürmüşdü və bunda ittiham olunurdum. Gürcüstanda keçirilən Tekali (Təkəli) prosesində iştirak elədiyim üçün ermənilərlə əlaqədə olduğum bildirilirdi. Bu ittihamları göstərdilər ki, bunlarla səni ittiham edə bilərik. Və məni məcbur elədilər ki, şikayət ərizəsini yazım.

Amerikanın Səsi: Siz qeyd etmisiniz ki, işgəncələrə məruz qalmısınız. Hansı işgəncələrə məruz qalmısınız?

Telefonumu, internet əlaqələrimi kəsmişdilər. Mən yanvarın 14-dək dirəniş göstərdim ki, ərizəmi geri götürəcəm. 14-ü günü xüsusi təyinatlı gəldi evə və məni orada döyərək öz maşınlarına mindirərək, başıma maska keçirdərək 1 saylı Ruhi Əsəb Xəstəxanasına aparıldım, nevroz şöbəsinə.

Tural Mustafayev: Mən dekabrın 27-də Qəbələ Hava limanından bibimlə Moskvaya gedirdim. Açığı desək ölkəni tərk edirdim. Mənə hava limanından bildirdilər ki, sizin ölkədən çıxışınıza qadağan qoyulub. Mən zərərçəkmiş şəxs olsaydım, mənim ölkədən çıxmağıma qadağan qoymağın nə aidiyyatı var idi? Heç bir əsas yox idi ki, mənim ölkədən çıxışıma qadağa qoyulsun. Mən elə dekabrın 27-də Qəbələ Hava limanında bildirdim ki, şikayət ərizəmi geri götürürəm və Göyçay rayonuna gəldim. Öz yaşadığım ünvana. Bir az keçməmiş atama telefon zəngləri gəlməyə başladı. Zəng eləyən İlqar Əliyev idi. Antiterror Mərkəzinin rəisi. Qeyd edim ki, Göyçaylıdır və atamı tanıyır. Buna görə atama müraciət edirdi. Mən nüməyəndəm Ruslan Əliyevlə əlaqə saxlayırdım. Ondan xahiş eləmişdim ki, mənə ərizə yazılmasına kömək eləsin. O mənə yazıb email ünvanıma göndərmişdi. Mən çatdıra bilmədim və Göyçayda evimizin qarşısında 4 polis əməkdaşı tərəfindən saxlanıldım və polis şöbəsinə aparıldım. Adı da oldu ki, rəis çağırıb. Mən bundan sonra Göyçay rayon Polis Şöbəsində iki polis əməkdaşı və iki Göyçay MTN əməkdaşı ilə Bakı şəhərinə gətirildim. SPACE TV-nin yanında Antiterror Mərkəzinin əməkdaşlarına təhvil verildim. Şüşəli bazarın yanında kirayə tutduğum evdə məni yanvarın 14-dək ev dustağı saxladılar. Telefonumu, internet əlaqələrimi kəsmişdilər. Mən yanvarın 14-dək dirəniş göstərdim ki, ərizəmi geri götürəcəm. 14-ü günü xüsusi təyinatlı gəldi evə və məni orada döyərək öz maşınlarına mindirərək, başıma maska keçirdərək 1 saylı Ruhi Əsəb Xəstəxanasına aparıldım, nevroz şöbəsinə. Leyla xanımın (həkim-red) yanına. Orada mənə məcburi şəkildə iynə dərman tədavülləri göstərirdilər. Mən etiraz etsəm də, dərmanları atmayanda məcburi şəkildə qolumu buraraq iynələr vurdular.

Qeyd edim ki, bir neçə dəfə döyüldükdən sonra mənim belimdə tük vəzi var idi, oradan qanaxma başladı. Onlar məcbur oldular ki, MTN-nin hospitalına yerləşdirsinlər. Orada adım Məmmədov Valeh Əli oğlu kimi, MTN-nin əməkdaşı kimi qeyd olundum. Əməliyyat olundum orada. Bu barədə mənim sübutlarım var.

Amerikanın Səsi: Hazırda həbs olunma ehtimalınız var?

Mənim Xədicə xanıma çox böyük hörmətim var.

Tural Mustafayev: Yəqin ki, fikirləşirəm ki, mənim özümə qarşı Cinayət Məcəlləsinin 296-cı ( bilə-bilə yalan demə) maddəsini özümə qarşı istifadə eləsinlər.

Bu hadisələr baş verməməli idi. Mənim Xədicə xanıma çox böyük hörmətim var. Dost olmuşuq, dəfələrlə evində olmuşam, çox qonaqpərvərlik edib. Yəni sui-istifadə elədilər. Bizim aramızda olan xırda nüanslardan istifadə elədilər.

Öz növbəsində, vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, Tural Mustafayev doğrudan da şikayətindən imtina edirsə Xədicə İsmayılova barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırmaq) ilə başlanmış cinayət təqibinə xitam verilməlidir.

“Tural Mustafayev şikayət ərziəsini təzyiq və işgəncə altında yazdrıldığını bildirir. O, şikayətindən imtina edir. Bu halda qanunvericiliyə görə, cinayət təqibinə xitam verilməlidir. Cinayət Prossesual Məcəlləyə görə, cinayət işi prokurorun təşəbbüsü ilə başlamayıbsa, zərərçəkən şəxs iddiasından imtina edirsə cinayət təqibinə xitam verilir”,-deyə o qeyd edib.

XS
SM
MD
LG