Accessibility links

Xədicə İsmayılovanın apellyasiyasına baxılması təxirə salınıb [Video-Müsahibə]


Xədicə İsmayılovanın apellyasiyasına baxılması təxirə salınıb [Video-müsahibə]
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Jurnalistin anası qızı ilə görüşmək üçün onun olduğu qəfəsə yaxınlaşmaq istəyib, amma mühafizəçilər ona icazə verməyiblər

Jurnalist Xədicə İsmayılovanın keçmiş müxalifətçi Elman Həsənovun (Türkoğlu) iddiası üzrə hökmdən verdiyi apellyasiya şikayətinə baxılması qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Buna səbəb təkrar məhkəmə istintaqının keçirilməsi haqqında vəsatəti təmin etməyən məhkəmə qərarı olub. Vəkillər Apellyasiya Məhkəməsinin bu vəsatəti təmin etməməsi barədə qərarından kassasiya şikayəti verib.

Buna görə bu gün Bakı Apellyasiya Məhkəməsində iclas başladıqdan bir neçə dəqiqə sonra məhkəmə prosesi təxirə salınıb.

Zaldakılar İsmayılovanı alqışlarla qarşılayıb. Jurnalist yenə barmaqlıqlar arxasına oturdulub.

Jurnalist istintaq təcridxanasında vəkili ilə görüşməyə imkan verilmədiyini məhkəmə heyətinin diqqətinə çatdırıb. Sədrlik edən kassasiya şikayəti verildiyindən bu məsələyə baxılmasının Apellyasiya Məhkəməsinin səlahiyyətində aid olmadığını bildirib.

İsmayılova Amerikanın Səsinin müxbirinin jurnalist həmkarlarına müraciəti ilə bağlı sualının cavabında deyib: “Möhkəm durun. Sizdən yaxşı jurnalist araşdırmaları gözləyirəm. Mən möhkəməm, mənə görə narahat olmayın”.

Jurnalistin anası qızı ilə görüşmək üçün onun olduğu qəfəsə yaxınlaşmaq istəyib, amma mühafizəçilər ona icazə verməyiblər.

İsmayılovanın vəkili Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, AzadlıqRadiosunun fəaliyyəti haqqında cinayət işi üzrə şahid olması bəhanəsi ilə onun İstintaq Təcridxanasında jurnalistlə görüşməsinə imkan vermirlər. Lakin İmanov qeyd edib ki, bu, tamamilə əsassız qadağadır.

İsmayılova Binəqədi rayon Məhkəməsinin Elman Həsənovun şikayətini təmin edən və jurnalisti böhtana (Cinayət Məcəlləsinin 147.2-ci maddəsi) görə 2500 manat cərimə edən 23 fevral 2015-ci il tarixli qərarından şikayət verib. Sonradan ona qarşı bir neçə digər ciddi ittiham irəli sürülüb və o, həbs edilib.

Jurnalistin anası Elmira İsmayılova Amerikanın Səsinə müsahibəsində göstərdikləri dəstəyə görə beynəlxalq və yerli demokratik ictimaiyyətə minnətdarlıq bildirib.

Elmira İsmayılova qızını həbs edənlərə isə sözünün olmadığını deyib: "Mənim onlara nə sözüm ola bilər. Yalnız onu deyirəm ki, ədaləti müdafiə edən jurnalistləri həbs etmək olmaz. İnanıram ki, Xədicə tezliklə azadlığa çıxacaq, evinizə gələcək. Mən onu çox sevirəm."

XS
SM
MD
LG