Bu günlərdə Merilend Universitetinin Jurnalizm Departamentinin müəllim və tələbə heyəti “Qandalsız Mətbuat” adlı kampaniyaya başlayıb. Üzərində həbs olunmuş jurnalistlərin adları həkk olunmuş şəffaf bilərziklər Amerika və dünya ictimaiyyətini repressiv ölkələrədə basqılara məruz qalan jurnalistlərin taleləri haqda məlumatlandırmaq məqsədi daşıyır. Şərəfləndirilən mətbuat işçiləri sırasında Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılova da yer alır.
Ümid edirəm ki, insanlar öz peşə fəaliyyətlərinə görə hərfi mənada həyatlarını riskə qoymuş Xədicə kimi adamların mövcudluğundan xəbər tutacaqlar.
Kampaniyanın təşəbbüskarı Washington Post qəzetinin müxbiri, Pulitzer mükafatı laureatı və hazırda Jurnalistika Departmanetinin rəhbəri Dana Priestdir.
“Bu kampaniya fərdi jurnalistlər haqdadır. İri problemi individual hallara bölür. İnsan olaraq biz fəlakətləri, müharibələri, jurnalistlərin həbsini belə daha yaxşı anlayırıq. Ona görə də biz qərar verdik ki, fərdlərin və onların həbs olunduğu ölkələrin adlarını bilərziklərə həkk edək. Adamlar öz üzərlərində həbs olunmuş jurnalistlərin gündəlik xatirəsini gəzdirəcəklər,” deyə Priest bildirir.
Kampaniyanın baş təşkilatçısı Leyla Sarçeviç şəxsən özünün bu işə baş vurmasına başlıca səbəb kimi Xədicə İsmayılovanın həbsini göstərir:
“Ümid edirəm ki, insanlar öz peşə fəaliyyətlərinə görə hərfi mənada həyatlarını riskə qoymuş Xədicə kimi adamların mövcudluğundan xəbər tutacaqlar. Onların taleyi ilə tanış olan hər kəs bu hədə-qorxu taktikaları haqda öyrənir. Ümid edirəm, insanlar korrupsiya və şər əməllər haqda öyrənəcəklər.”
Azərbaycanda prezident İlham Əliyevin və onun ailə üzvlərinin geniş biznes maraqları haqda araşdırma aparmış Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub. Beynəlxalq hüquq müdafiəsi təşkilatları Xədicəyə qarşı irəli sürülən ittihamları qondarma hesab edib və onun məhz prezident Əliyevin maliyyə vəsaitləri haqda yazılarına görə qisas aktı olaraq həbs olunduğunu bildirir.
Amerikanın Səsi Merilend Universitetində olarkən Dana Priestin bu semester tədris etməyə başladığı Jurnalizm Təhlükədə kursunun həftəlik seminarına qatıldı. Bu kursda professor Priest tələbələrə fərdi qaydada həbs olunmuş jurnalistləri seçib, onların həyat yollarını araşdırmağı həvalə edib. Üç gələcək jurnalist semestr kurs layihəsi üçün Azərbaycanda həbs olunmuş jurnalistləri seçib. Bunlar Xədicə İsmayılova, Rauf Mirqədirov və Seymur Həzidir.
Anita Komuves: "Kənar perspektivdən onu deyə bilərəm ki, bir adam qarşı kimisə intihar həddinə çatdırmaq maddəsində günahlandırmaq, sonra buna vergidən yayınmağı əlavə etmək gülünc bir haldır. Qərb perspektivindən bunun qurama olduğu aydın görünür."
Brandi Vincent: "Mənim jurnalistim Rauf Mirqədirovdur. Mən onunla heç vaxt danışmamışam, amma onun yazılarını araşdırdıqca, məndə belə bir hiss yaranır ki, artıq onu tanıyıram. Mən onun bir neçə həmkarı ilə görüşmüşəm. Öyrəndiklərim bunlar olub ki, bütün bu jurnalistlər dəhşətli bir təcrübə ilə üzləşirlər. Onlar sadəcə jurnalizmlə məşğul olduqlarına görə cəzalandırılırlar."
Courtney Mabeus: "Mən “Azadlıq” qəzetinin jurnalisti və Azərbaycan Saatının aparacısı Seymur Həzini araşdırıram. Seymur avtobus dayanacağında hücuma məruz qaldıqdan sonra həbs olunub. İnsidentə görə Seymura beş il iş veriblər. Ona hücum edən şəxs isə ev dustağıdır. Seymur siyasi baxımdan aktiv insan olub. Korrupsiyaya aid tənqidi məqalələr yazıb. Bildiyim belədir ki, hökumət ondan narazı olub."
İstəyirəm o, bilsin ki, burada Merilend Universitetində tələbələr var ki, onun başına gələnləri araşdırırlar. Buna diqqət cəlb etməyə səy göstərirlər.
Qandalsız Mətbuat kampaniyası ictimaiyyətdən ianələr toplayaraq xüsusi reklam bilərzikləri hazırlayacaq. Azərbaycandan tutmuş Vyetnamadək müxtəlif ölkələrdə həbs olan jurnalistlərin adları həkk olunmuş bu bilərziklər Dünya Mətbuat Azadlığı günündə onlayn satışa buraxılacaq.
Dana Priest ümid etdiyini bildirir ki, Xədicə tək qalmadığını və dünya miqyasında jurnalist həmkarlarının onunla həmrəy olduğunu dərk edir:
“İstəyirəm o, bilsin ki, burada Merilend Universitetində tələbələr var ki, onun başına gələnləri araşdırırlar. Buna diqqət cəlb etməyə səy göstərirlər. Sonda biz hökumətdən cavab almaq istəyirik. Biz jurnalist olaraq dünya boyu hər bir jurnalistin hüquqları uğrunda mübarizə aparırıq.”
Dana Priest hesab edir ki, Xədicə kimi jurnalistlər Azərbaycan kimi ölkələrdə həqiqətin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar və o səbəbdən bu cür dəyərli jurnalistlərin həbsə atılması təkcə Azərbaycan hökumətinin beynəlxalq imicinə deyil, Azərbaycan xalqının rifahına zərbə endirir.