"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən hüquq müdafiəçilərinə, ictimai-siyasi fəallara qarşı davam etdirdiyi repressiya siyasətinə son qoymağı, həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir.
Alyansın bu gün yaydığı bəyanatda deyilir ki, ictimai-siyasi fəalların, tanınmış hüquq müdafiəçilərinin həbsini hakimiyyətin birbaşa siyasi sifarişi hesab edir. “Xüsusən, son illər siyasi məhbusların hüquqlarını qoruyan, onların siyahısını tərtib edərək yerli və beynəlxalq ictimaiyyətə təqdim edən, ölkədə söz, mətbuat və sərbəst toplaşmaq azadlığının təmin edilməsi istiqamətində yorulmadan qətiyyətli və ardıcıl mübarizə aparan tanınmış hüquq müdafiəçiləri Leyla Yunusun və Rəsul Cəfərovun həbsi ilə hakimiyyət onlardan qisas alır. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara, hüquq müdafiəçilərinə göz dağı verir, onlara hədə-qorxu gəlir”.
Qurum eyni zamanda son günlər həbs olunan hüquq müdafiəçiləri və fəalların adlarını sadalayır:
1. Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, Fransanın “Fəxri Legion Ordeni Kavaleri” və Almaniyanın “Teodor Haler” mükafatı laureatı Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib;
2. Tarixçi Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbirinin seçilib;
3. İnsan Haqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 213-cü (vergidən yayınma), 192 (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib;
4. Müsavat Partiyası fəalı Fərəc Kərimli Cinayət Məcəlləsinin 234.1 ci (narkotik) maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarına əsasən barəsində 2 ay həbs qətimkan tədbiri seçilib;
5. Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi fəalı Ruslan Nəsirli “Ali Baş Komandan xalqa cavab ver!” adlı sosial qrup yaradaraq Fəvvarələr meydanında mitinq çağırışı etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən oğurlanaraq bir neçə gün sonra barəsində İnzibati Xətalar
Məcəlləsinin 310.1 (polisə müqavimət), 296-cı (kiçik xuliqanlıq) maddələri tətbiq edilməklə məhkəmənin qərarı ilə barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Öz növbəsində Azərbaycan iqtidarı ölkədə siyasi məhbusların olmadığını bəyan edir. Hökumət rəsmiləri ictimai-siyasi fəaliyyətinə insanların cəzalandırılmadığını, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.