Accessibility links

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi - hüquq müdafiəçilərinin şərhi


Rəşid Hacılı
Rəşid Hacılı

İspaniyalı deputat Pedro Aqramunt AŞPA-ya Azərbaycanda siyasi məhbuslar üzrə məruzə hazırlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin kimliyindən asılı olmayaraq bu məsələnin assambleyanın müzakirəsinə çıxarılması faktı və xüsusi məruzənin hazırlanmasına dair qərar mühüm əhəmiyyət daşıyır. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı ispaniyalı deputat Pedro Aqramuntun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasını Amerikanmın Səsinə şərh edərkən bildirib.

“Məruzəçinin kimliyindən asılı olmayaraq, Azərbaycanda insan haqlarının pozulmasını gizlətmək mümkün deyil. Məruzəçi ilə işləmək, ona bütün faktları vermək, onu səhv hesabat təqdim etməyə qoymamaq və müzakirələrin effektiv keçməsinə çalışmaq lazımdır”, R.Hacılı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinin fəalları çətin vəziyyətə düşüblər. “Bizim AŞPA-da bir müxalifətçi deputatımız da yoxdur ki, ondan vaxtlı-vaxtında xəbər və məsləhət ala bilək. Amma məruzəçinin təyinatı ilə açılan imkanlardan istifadə edəcəyik”, o vurğulayıb.

R.Hacılının sözlərinə görə, bu ilin sentyabrında məruzəçi hesabatı təqdim etməlidir. Bu səbəbdən də indidən təkliflərin ona verilməsi vacibdir.

“Biz hamının dəstəklədiyi vahid siyasi məhbus siyahısı ilə çıxış etməliyik”, o qeyd edib.

“Hüquq müdafiəçiləri Aqramuntla işləyəcəklərmi?” sualının cavabında R.Hacılı deyib ki, AŞPA-nın təyin etdiyi məruzəçi ilə işləmək lazımdır, boykot etmək yox.

Digər hüquq müdafiəçisi, “Demokratik monitor” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov Aqramuntun məruzəçi təyin olunmasını tənqidi qiymətləndirir.

“İndiyədək Aqramunt Monitorinq komitəsində hansı obyektiv işi görüb ki, siyasi məhbuslar məsələsi üzrə də obyektiv fəaliyyət göstərsin?”, - o sual edib. F.Həsənov Aqramuntun məruzəçi təyin edilməsində “kürü diplomatiyası” amilinin rol oynadığını istisna etmir.

“Nazirlər Komitəsinin sədri olan Azərbaycan diqqət mərkəzindədir və siyasi məhbuslar məsələsi kardinal həll tələb edir. Çətin ki, Aqramunt bu kəskin mövzunu yumşalda bilsin”, F.Həsənov qeyd edib.

XS
SM
MD
LG