Accessibility links

Monitorinq qrupu: İnsan haqlarının durumu ağırlaşır - məmur özbaşınalığı baş alıb gedir


İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu
İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu

Hüquq müdafiəçiləri hüquq-mühafizə və məhkəmə sistemində ciddi islahatlar aparılmasının vacibliyini bildirib

İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu ölkədə insan haqlarının durumuna dair mətbuat konfransı keçirib.

Turan agentliyinin məlumatına görə mətbuat konfransında hüquq müdafiəçisi Novella Cəfəroğlu Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun saxlanmasını pislədiklərini bildirib. “Yəqin ki, ölkənin digər hüquq müdafiəçiləri ilə birgə yaxın günlərdə bu fakta daha detallı münasibət bildirəcəyik ”, N.Cəfəroğlu bildirib.

Tədbirdə ölkədə insan haqları sahəsində durumun ağırlaşdığı ifadə edilib. Vətəndaş cəmiyyəti institutlarının, gənc fəalların, QHT təmsilçilərinin, siyasi və ictimai hərəkat fəallarının həbsinə etiraz ifadə olunub.

Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq maddəsi ilə həbs olunması kəskin pislənilib. H.Hüseynlinin Gəncədə nüfuzlu şəxs olmaqla yanaşı, həm də nüfuzlu QHT rəhbəri olması xüsusi vurğulanıb.

Tədbir iştirakçıları siyahılarında olan 29 nəfər siyasi məhbusun taleyi ilə bağlı Prezident Administrasiyasına və ölkə prokurorluğuna məlumat verdiklərini deyib. Amma bütün səylərə baxmayaraq, bu sahədə durumun heç də sadələşməməsinə diqqət çəkiblər.

Bu yaxınlarda həbs edilən Sirac və Fərəc Kərimov qardaşlarının narkotik, Müsavat Partiyası Tərtər rayon təşkilatının keçmiş sədri Xaqani Məmmədovun xuliqanlıq maddəsi ilə saxlanmasına diqqət çəkilib. Xaqani Məmmədov iki qadını döymək kimi əsassız ittihama məruz qalıb və Tərtər rayon Məhkəməsi onun barəsində 7 gün ev dustaqlığı qərarı çıxarıb. Rayon prokuroru bu qərara etiraz edib və Şəki Apellyasiya Məhkəməsinə həbs qətimkan tədbiri seçmək təqdimatı göndərib. “Bir sözlə, məmur özbaşınalığı baş alıb gedir, 2013-cü ildən bu yana əyalətlərdə həbslər intensiv xarakter alıb”, hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edib.

Siyasi və ictimai fəalların ya narkotik, ya da xuliqanlıq maddəsi ilə ittiham olunması diqqət mərkəzinə gətirilib. Məhkəmələrin ya siyasi sifariş, ya da korrupsiya maraqlarından irəli gələrək qərar çıxardığı ifadə edilib. Azərbaycanda hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətdə cəzaların ağır formasını seçdiyi vurğulanıb. “Bütün bunlar göstərir ki, ölkənin hüquq-mühafizə və məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır”, N.Cəfəroğlu deyib.

Monitorinq qrupunun siyasi məhbus siyahısının Avropa Şurasının Baş katibliyinə təqdim olunduğu bildirilib.

Son vaxtlar sosial şəbəkələrdə fəallığa görə blogerlərin həbsinə də toxunulub. Bu həbslər ifadə azadlığını pozmaq kimi dəyərləndirilib.

Tədbirdə təkcə ictimai-siyasi fəalların deyil, sadə vətəndaşların da haqsızlığa məruz qaldığı və hüquqlarının qorunmadığı deyilib. Vətəndaş hüquqlarının qorunmamasına əsas səbəb kimi müstəqil məhkəmə sisteminin olmaması göstərilib. Belə ki,Yevlaxda hamilə olan Şəhla Muxtarova soyadlı qadın özünü təcavüzdən qorumaq istəyərkən qətlə səbəb olub. Özünü qorumasına və hamilə olmasına baxmayaraq, məhkəmə ona 7 il həbs cəzası verməkdən çəkinməyib. Xətai rayon sakini Sultanxanım Həsənova qanuni qaldığı yataqxanada digər bir ailə tərəfindən 12 kv metrlik otağından çıxarılıb. Xətai rayon məhkəməsi isə hər-hansı əsas olmadan qadının yüksək məbləğdə cərimə olunması qərarı qəbul edib. “Bir sözlə, insan haqları sahəsində vəziyyət ürəkaçan deyil, məhkəmələr məmur, korrupsiya maraqlarına xidmət etdikcə vəziyyətin yaxşı olacağı gözlənilmir”, hüquq müdafiəçisi Səadət Bənənyarlı qeyd edib.

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu həmçinin AXCP fəalı Kəmalə Xəlilova (Kəmalə Bənənyarlı) haqqında yayılan video-görüntüləri pisləyib. “Bu, murdarlıqdır”, N.Cəfəroğlu deyib.

Digər tərəfdən, N.Cəfəroğlu K.Xəlilovanın bu videoyayımla bağlı şərəf və ləyaqət hüququnu müdafiə etməyə qalxdığı halda hüquq müdafiəçiləri tərəfindən dəstək alacağı vədini verib.

“Hüquq müdafiəçiləri olaraq biz də belə ləyaqətsizliyin kökünün kəsilməsində maraqlıyıq və var gücümüzlə buna çalışacağıq”, - deyə N.Cəfəroğlu qeyd edib.

XS
SM
MD
LG