Accessibility links

İsabel Santos: Fundamental azadlıqlar yoxdursa özünüzü inkişaf etmiş ölkə hesab edə bilməzsiniz


İsabel Santos
İsabel Santos

ATƏT PA-nın komitə sədri Anar Məmmədli ilə görüşmək ümidindədir. O Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində vəziyyəti dəyişmək istəməməsindən narahatdır

ATƏT Parlament Assambleyasının İnsan hüquqları, demokratiya və humanitar məsələlər üzrə Komitəsinin rəhbəri İsabel Santos Turan agentliyinə müsahibə verib.

Müsahibəni təqdim edirik:

Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət o qədər də yaxşı deyil və vəziyyətin yaxşılaşdırılması üçün siyasi iradə və konkret addımlar tələb olunur. Bu fikri ATƏT Parlament Assambleyasının İnsan hüquqları, demokratiya və humanitar məsələlər üzrə Komitəsinin rəhbəri İsabel Santos bildirib.

Dünən Azərbaycan QHT nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin yekunlarını şərh edən Santos qeyd edib ki, “bəzilərinin bu prinsiplər haqqında çox yaxşı təsəvvürü var, lakin bizim yaxşı təcrübəmiz var və belə ziddiyyətlər yarandıqda necə dialoq aparmalı və necə münasibətlər qurmalı olduğumuzu bilirik”.

Rəsmi Bakının Qərb institutlarının tənqidinin yanlış və qeyri-obyektiv informasiyaya əsaslandığı barədə fikri ilə razı olub-olmadığı haqqında suala cavabda İsabel Santos qeyd edib ki, bu bəyanat əsassızdır.

“Bizim kifayət qədər təcrübəli ekspertlərimiz və dəqiq metodikamız və standartlarımız var. Biz heç nəyi təsadüfən və ya səhvən etmirik. Bütün məlumatlar toplanır və müxtəlif mənbələrdə yoxlanılır. Biz hakimiyyətin bu bəyanatlarını bilirik ki, qərb ekspertləri qərəzlidir, onlar hər şeyi sifarişlə edirlər və s. Bu, bizim üçün yeni xəbər deyil və biz tez-tez müxtəlif ölkələrdə belə şeylərlə qarşılaşırıq”, deyə Santos bildirib.

Sizə elə gəlmir ki, hakimiyyət məhəl qoymursa və sifarişli hesab edirsə, ATƏT-in məruzələri və hesabatları mənasızdır? Bu suala cavabda İsabel Santos deyib: “Bəli, hakimiyyətin vəziyyəti yaxşılaşdırmaq və ya dəyişdirmək istəyi yoxdursa, onlar həmişə mənasızdır. Sizin hakimiyyətinizin belə bir istəyi olduğundan əmin deyiləm, amma ümid edirəm ki, belə bir istək var və hökumət bu imkanlardan istifadə edəcək”, deyə o bildirib.

Siyasi məhbuslardan kiminlə isə görüş istədiyiniz doğrudurmu? Bu suala Santos müsbət cavab verib və qeyd edib ki, söhbət Anar Məmmədlidən gedir.

“Təxminən 3 həftə əvvəl mən Vyanadakı mərkəzi ofis vasitəsilə Məmmədli ilə görüş xahişi ilə müraciət etdim. Ümid edirəm ki, bu gün-sabah mənə belə bir imkan veriləcək”, deyə o bildirib.

Avropa İttifaqı komissarı Nelli Kroesin İlham Əliyevdən siyasi məhbuslarla görüşməyi xahiş etməsi və müsbət cavab alması, həbsxanaya gəlib bir neçə saat gözlədikdən sonra isə ona prezidenti anlamadığının, icazə verilmədiyinin, dövlət başçısından deyil, Ədliyyə Nazirliyindən icazə almalı olduğunun deyildiyi haqqında məlumatınız varmı? Bu suala cavabda İsabel Santos deyib ki, o, əvvəlcədən müraciət edib və indiyədək ona heç bir cavab verməyiblər. “Hakimiyyətin bu məsələlərdə prosedurun necə olduğu haqqında mənə məlumat vermək üçün kifayət qədər vaxtı var idi. Amma əminəm ki, hakimiyyət etiraz etməyəcək və mən ona baş çəkə biləcəyəm. Onu şəxsən görmək, bəzi məsələləri aydınlaşdırmaq və onu dəstəkləmək istəyirəm”, deyə Santos bildirib.

Azərbaycan demokratik qüvvələri arasında belə bir fikir var ki, Qərb demokratiyanı neftə dəyişib. Məhz buna görə Qərb Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına, demokratiyanın tapdanmasına göz yumur. İsabel Santosun bu iradlara cavabı necə olardı?

“Mənim üçün demokratiya dəyərləri satılmır. Şəxsən mən onları heç nə ilə dəyişmirəm”, deyə o qeyd edib.

Bəs ATƏT-in qiymətləndirmələrinə görə qeyri-demokratik olan bütün seçkilərdən sonra Azərbaycan prezidentinin Vaşinqtondan, Brüsseldən və başqalarından təbrik almasını necə izah etmək olar?

“Hər kəs özünə cavabdeh olmalıdır. Bu halda mən bir şeyi əminliklə deyə bilərəm ki, mənim mövqeyim hər-hansı təsirə məruz qalmır”, deyə Santos qeyd edib.

Azərbaycan demokratlarına hansı mesajı vermək istərdiniz? Buna cavabda ATƏT PA-nın komitə rəhbəri deyib: “Çox neftiniz, pulunuz, yaxşı iqtisadiyyatınız ola bilər. Amma söz, toplaşmaq, ifadə azadlığı, azad seçkilər və digər əsas azadlıqlar yoxdursa, özünüzü inkişaf etmiş ölkə hesab edə bilməzsiniz. Bütün bu inkişaf müəyyən bir vaxtda dayanır və işləmir. Tarixdə belə şeylər olub. Bunu unutmamaq lazımdır”.

XS
SM
MD
LG