Accessibility links

Senator Kardinin Rusiyanın "Helsinki prinsipləri"ni pozması barədə layihəsi müzakirə ediləcək


ATƏT Parlament Assambleyasının sessiyası
ATƏT Parlament Assambleyasının sessiyası

Sənəd ATƏT PA-nin Bakıda keçirilən sessiyasının gündəliyinə salınıb. Qətnamə layihəsində Rusiyanın dərhal Krımı azad etməsi tələb olunur.

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna problemi ilə bağlı hazırladığı qətnamə layihəsi ciddi müzakirələrə yol açıb.

Belə ki, Daimi Komitənin iclasında münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç senator Benjamin Kardinin Rusiyanın "Helsinki prinsipləri"ni pozması barədə qətnamə layihəsini müzakirəyə çıxarıb.

Sənəddə Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, qətnamə layihəsində Azərbaycanın, Gürcüstanın, Moldovanın da ərazi bütövlüyü məsələsi əksini tapmalıdır.

“Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz? Onsuz da 22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə gələ bilmir. İndi niyə bunun üstündən sükutla keçib, birtərəfli qətnamə layihəsini müzakirəyə çıxarırsınız? Mən dəfələrlə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, senator Benjamin Kardinə bildirmişəm ki, ABŞ Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün ciddi addımlar atmalıdır. Biz Azərbaycan olaraq 22 ildir işğal edilmiş ərazilərimizin geri qaytarılmasını gözləyirik və məhz sizdən gözləyirik. Bir milyondan artıq qaçqın və məcburi köçkün sizi gözləyir. Biz belə bir qətnamənin qəbulunu 22 ildir gözlədiyimiz halda, siz bizim ölkədə yenə də bunun üstündən sükutla keçib, sırf yeni münaqişə ilə bağlı birtərəfli qətnamə layihəsi təqdim edirsiniz?” o sual edib.

O senatora təklif edib ki, qətnamə layihəsinə regiondakı bütün münaqişələri daxil etsin. “Cənab Kardin ya bu qətnaməyə bütün münaqişələri daxil etsin, burada əks olunacaq müddəalar balanslı şəkildə Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın maraqlarını əhatə etsin, ya da bu sənədi geri götürüb, üzərində işləyib, yubileyinə hazırlaşdığımız “Helsinki +40” tədbirində müzakirəyə təqdim etsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı münaqişələri əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik”.

Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski bildirib ki, Ukraynadan kənarda olan münaqişələr də nəzərə alınmalıdır. “Beynəlxalq prinsiplərin birbaşa pozulmasına reaksiya verməyəcəyiksə, o zaman bura niyə yığışmışıq? Beynəlxalq hüququn norma və prinsipləri pozulur. Biz buna göz yumacağıqsa, niyə işləyirik?”, o qeyd edib.

Beləliklə, senator Benjamin Kardininin hazırladığı qətnamə layihəsinin müzakirəsi səsə qoyularaq sessiyanın gündəliyinə daxil edilib. Qətnamə layihəsinin gündəliyə daxil edilməsinin lehinə 30 ölkə, əleyhinə isə 5 ölkə səs verib, digər ölkələr isə səsvermədə iştirak etməkdən imtina edib.

Qətnamənin iyulun 1-də müzakirə edilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG