Accessibility links

ATƏT PA Bakı bəyannaməsini qəbul edib


ATƏT Parlament Assambleyasının sessiyası
ATƏT Parlament Assambleyasının sessiyası

Sənədə Ukrayna problemi, Rusiyanın Helsinki aktını pozması, kibermüharibə, terrorizm, insan hüquqları, siyasi məhbuslar, həmçinin Anar Məmmədlinin azad edilməsi çağırışı daxil edilib

Bu gün ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü illik sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.

ATƏT-in fəaliyyət istiqamətləri ilə bağlı ümumi məsələlərlə yanaşı, bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib.

Xüsusən, ATƏT PA Helsinki Yekun Aktında yer alan sərhədlərin və ərazi bütövlüyünün pozulmazlığı, mübahisələrin dinc yolla həlli, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsiplərinə riayət etməyin əhəmiyyətini vurğulayır və Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır.

ATƏT PA Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozmasını, o cümlədən bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasını və Ukrayna ərazisinin işğal edilməsini pisləyir.

Bununla belə, ATƏT PA gərginliyin azaldılması və böhran vəziyyətindən çıxış üçün Ukrayna üzrə parlamentlərarası platforma yaratmağa çağırır.

ATƏT PA Rusiyanı 12 avqust 2018-ci il tarixində qəbul edilmiş atəşkəs haqqında saziş çərçivəsində Gürcüstan ərazisinin işğalına son qoyulması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.

ATƏT PA təsdiq edir ki, ATƏT regionunda uzanan münaqişələrin həlli və onların dinc yolla və danışıqlar əsasında, razılaşdırılmış çərçivələr daxilində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqlara tam şəkildə riayət edilməklə tənzimlənməsində irəliləyiş əldə edilməsi üzrə tədbirlər görülməsinin ATƏT-in ilkin vəzifələrindən biridir.

ATƏT PA həmçinin iştirakçı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və hazırda mövcud olan sənədlərin mənasının və təfsilatının fərqli şəkildə təfsirinin qarşısının alınması məqsədilə assambleya çərçivəsində yeni arbitraj sistemi yaratmağa çağırır. Bu bənd bəyannaməyə Helsinki prinsiplərinin subyektiv və şəraitə uyğun təfsiri və separatçılığa bəraət verilməsi, onun xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim edilməsi cəhdləri ilə əlaqədar daxil edilib.

Sənəddə kibermüharibə və terrorizm kimi təhdidlərə qarşı mübarizənin və bu cür təhlükələrin qarşısının alınmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə fəaliyyətin kibertəhlükəsizlik sahəsində Avropa İttifaqının strategiyasına uyğunlaşdırılmasının vacibliyi qeyd olunur.

ATƏT regionunda insan alverinə qarşı, o cümlədən cinsi istismar məqsədi ilə uşaq alverinə qarşı tədbirlərin gücləndirilməsinin və bu cinayətlərin qurbanlarına hərtərəfli köməklik göstərilməsi üçün lazımi addımların atılmasının vacibliyi vurğulanır.

Bəyannamədə terrorizm və radikalizmlə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır.

Həmçinin informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün, habele terrorçuluğa çağırış, onun maliyyələşdirilməsi və terrorçuların ələ alınması üçün istifadə olunmasında artan tendensiyalardan narahatlıq bildirilir.

Bəyannamədə ATƏT-ə üzv ölkələr informasiya və kommunikasiya texnologiyalarının, o cümlədən internet və sosial şəbəkələrin terror məqsədləri üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görməyə və bu tədbirlərin milli qanunvericiliyə, beynəlxalq hüquqa və ATƏT çərçivəsində götürülən siyasi öhdəliklərə uyğunluğunu təmin etməyə çağırılır.

ATƏT-ə üzv ölkələr terrorizmlə mübarizə ilə bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərə, antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin Konvensiyalarına uyğunlaşdırmağa çağırılır.

Sənədin insan hüquqları ilə bağlı hissəsində ATƏT PA “siyasi məhbus” anlayışının tərifini təsdiq edən ATƏT qətnaməsinə dəstək ifadə edib.

Bəyannaməyə həmçinin Azərbaycan hakimiyyətinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini həbsdən azad etmək, habelə onun və siyasiləşdirilmiş məhkəmələrin digər qurbanlarının hüquq müdafiə fəaliyyətini davam etdirməsi üçün şərait yaratmaq çağırışı yer alan bənd daxil edilib.

Bəyannamədə ATƏT-in Bakı ofisinin layihə koordinatoru səviyyəsinə endirilmiş əvvəlki statusunu bərpa etmək çağırışı da yer alır.

Plenar iclasda Norveçli deputat Bekkelvold Məmmədlinin azad edilməsi haqqında məsələ qaldıraraq, onun seçkilərin monitorinqini həyata keçirdiyinə görə təqib edildiyini bəyan edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deputatları Məmmədlinin konkret cinayətlərə görə həbs edildiyinə və məsələni siyasiləşdirməyə ehtiyac olmadığına inandırmağa çalışıb.

O, həmçinin ATƏT-in Bakı ofisinin əvvəlki statusunun qaytarılması haqqında təklifə qarşı çıxaraq, bu qərarın ATƏT Daimi Şurası ilə razılaşdırıldığını bəyan edib.

Lakin böyük səs çoxluğu ilə Muradovanın təklifi rədd edilib.

Bəyannamədə həmçinin ATƏT ölkələrində, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan və Rusiyada hüquq müdafiəçilərinin həbsi, qorxudulması və onlara qarşı digər qorxutma formaları ilə bağlı narahatlıq ifadə olunub.

Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan son plenar iclasda çıxışında ATƏT PA-ya erməni nümayəndələrinin təhlükəsizliyinə zəmanət verildiyinə görə təşəkkür edib. O, həmçinin şərait yaratdıqları üçün Bakılı həmkarlarına təşəkkür edib.

“Bəli, mübahisələr oldu, amma sonda qarşılıqlı anlayış qalib gəldi”, deyə Geqamyan qeyd edib.

Bəyannamə ilə paket şəklində ATƏT PA komitələrinin əvvəllər təsdiq etdiyi bir neçə qətnamə də qəbul edilib:

“Rusiya Federasiyasının Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozması”; “ATƏT regionunda vasitəçilik potensialının inkişaf etdirilməsi”; “Cənub-Şərqi Avropada regional əməkdaşlıq”; “Terrorizmə qarşı mübarizə”; “ATƏT-in Əfqanıstanla bundan sonrakı qarşılıqlı fəaliyyəti”; “ATƏT regionunda qaçqınların vəziyyəti”; “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi”; “Cinsi istismar məqsədilə uşaq ticarətinin qarşısının alınması və buna görə məhkəmə təqibi”; “İşgəncələrə qarşı mübarizə”; “Təhlükəsizliyin təmin edilməsi üzrə dövlət və özəl sektorlara demokratik nəzarət” və s.

Mövzuya uyğun

XS
SM
MD
LG