Accessibility links

RATİ: Xədicə İsmayılovaya təzyiqlərin real səbəbi korrupsiya ilə bağlı qətiyyətli araşdırmalarıdır


RATİ_logo
RATİ_logo

RATİ hakimiyyəti vətəndaş cəmiyyətinin fəallarına qarşı təzyiqlərə son qoymağa çağırır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına təzyiqlərə və özgəfikirliliyin boğulmasına son qoymağa çağırıb.

Təşkilatın bəyanatında deyilir: “Hökumətin özbaşına nəzarəti demokratik cəmiyyətin təməl prinsiplərini sarsıdan, birləşmə və şəxsi həyatın toxunulmazlığı hüquqlarını kobud şəkildə pozan hüquq pozuntusu və müdaxilədir.

Azərbaycanın hakim rejimi fərqli düşüncənin bütün formalarını boğmaq məqsədi ilə xüsusilə 2013-cü il prezident seçkilərindən sonra vətəndaş cəmiyyəti nümayəndələri haqqında bacardığı qədər çox informasiya toplamağı qarşısına məqsəd qoyub”.

“RATİ vergi ödəyicisi resurslarından günahsız vətəndaşlara nəzarət məqsədilə istifadə olunmasından ciddi narahatlıq keçirir. Reportyor və fəalların şəxsi danışıqlarına nəzarət etmək kimi “böyük qardaş” yanaşmasından istifadə Konstitusiyanın 32-ci maddəsinin kobud pozuntusu və hakimiyyətdən total sui-istifadədir, - RATİ-nin rəhbəri Emin Hüseynov bildirib.

Bir neçə gün öncə, hakimiyyət Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə ABŞ Konqresinin ekspertləri arasında baş tutmuş şəxsi danışıqlarını gizli şəkildə audio yazıya alıb. Qanunsuz yolla əldə olunmuş bu səs yazısından hökumət hazırda fəaliyyətinə görə mükafatla təltif olunmuş jurnalist Xədicə İsmayılovaya qarşı irəli sürülmüş "casusluq" ittihamlarını əsaslandırmaq üçün istifadə edir.

Belə ki, fevralın 18-də, mediada onu ABŞ üçün casusluqda ittiham edən yazıların dərcindən bir neçə gün sonra X. İsmayılova dövlət sirrini yayma maddəsi ilə açılmış cinayət işi üzrə şahid ifadəsi vermək üçün Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidmətinin əməkdaşı olan, fəaliyyətinə görə mükafatla təltif olunmuş və rəsmi səviyyədə korrupsiya hallarını ifşa etmiş jurnalist Xədicə İsmayılova "casusluq"da və "dövlət sirrini yaymaq"da ittiham olunur. Baş Prokurorluğa ilk dəfə çağırılarkən X.İsmayılovaya bildirilib ki, o, "milli təhlükəsizliklə bağlı sirləri yayıb".

X.İsmayılovanın milli təhlükəsizlik sirləri ilə hər hansı bağlılığı yoxdur. Ona qarşı baş verən təzyiqlərin real səbəbi hakim rejimin yüksək eşelonlarında korrupasiya halları ilə bağlı apardığı qətiyyətli araşdırmalarıdır.

Sözügedən söhbət insanların çox olduğu restoranda, digər masalara yaxın, yəni, heç bir məxfilik niyyəti olmadan aparılıb. "Lakin əgər insan məntiqlə şəxsi həyatının toxunulmazlığının qorunduğunu hesab edirsə və birdən kimsə sənin səsini gizli şəkildə qeydə alırsa, deməli, bu kimsə cinayət işləyib (Konstitusiyanın 32-ci maddəsinə uyğun olaraq) və məsuliyyətə cəlb olunmalıdır,"- bu söhbətin işitrakçılarından biri olan E. Hüseynov bildirib.

E.Hüseynov səs yazısının o axşam həmin restoranda olan Əliyevpərəst deputat Ceyhun Osmanlı tərəfindən yazıldığını düşünmür, baxmayaraq ki, C.Osmanlı özü bu söhbəti qeydə alaraq Baş Prokurorluğa ötürdüyünü iddia edir. "Osmanlı restorana gələndə biz artıq çıxmağa hazırlaşırdıq. Onun oturduğu masa ilə bizim masa arasında məsafə 15 metr idi. Otaqda o qədər adam var idi ki, Osmanlı heç bir telefonla bizim danışığımızı qeydə ala bilməzdi,- E. Hüseynov qeyd edib.

Acı həqiqət budur ki, gizli səsyazma yalnız yüksək keyfiyyətli audio nəzarət cihazından istifadə etməklə hüquq- mühafizə orqanları tərəfindən edilə bilərdi.
Son illər, qanunsuz izləmə-nəzarət metodlarından tənqidçi jurnalistlərə təzyiq göstərmək vasitəsi kimi istifadə olunur. Qanunsuz nəzarət yolu ilə əldə edilmiş məlumatlardan jurnalistlərə qarşı şantaj vasitəsi və ya şantajçılarla əməkdaşlıqdan imtina olunduğu halda onları ictimaiyyətin gözündən salma və alçaltma aləti kimi istifadə olunub.

Qanunsuz nəzarətin özü və ondan istifadə etməklə əldə olunmuş məlumatların açıq yayılması Azərbaycanın ratifikasiya etdiyi bir çox beynəlxalq və regional sazişlərin təmin etdiyi fundamental insan hüquqlarından biri olan şəxsi həyatın toxunulmazlığı hüququnun ciddi pozuntusudur.

RATİ hesab edir ki, "casusluq" uydurması hakim rejimin hazırda üç əhəmiyyətli araşdırma üzərində işləyən açıqsözlü jurnalisti susdurmaq cəhdidir. Bu yolla, rejim həm də cəmiyyətin diqqətini geniş yayılmış korrupsiya, intihar və ölkədə mövcud olan digər sosial problemlərdən yayındırmağa çalışır.

Nəhayət, "casus şəbəkəsi" uydurmasının ortaya atılması və digər narahat edici addımlar onu göstərir ki, hökumət xaricilərin ölkədə sabitliyi pozmaq planının bir hissəsi adlandırdığı müstəqil vətəndaş cəmiyyətinə qarşı daha ciddi planlar hazırlayır. X. İsmayılovaya qarşı başlanmış qarayaxma kampaniyası ölkədə Rusiyadakı "xarici agent" qanununa bənzər yeni bir repressiv qanunvericiliyin qəbul olunacağı haqqında ehtimalları daha da artırır.

RATİ Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərinə, jurnalistlərə, fəallara və digər hökumət tənqidçilərinə qarşı repressiyalara son qoymağa çağırır. Onlara öz dinc fəaliyyətlərini repressiya qorxusu altında olmadan, təhdid olunmadan və təzyiqə məruz qalmadan həyata keçirmək şəraiti yaradılmalıdır.

RATİ Azərbaycanda hazırkı insan hüquqları durumunu təhlükəli hesab edir və ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində vəziyyətin daha da pisləşəcəyindən narahatdır, çünki hakimiyyət tənqidi səsləri və fərqli düşüncəni boğmaq istiqamətində fəaliyyət göstərir.

RATİ beynəlxalq ictimaiyyəti, xüsusilə də, Avropa Şurası Parlament Assambleyasını (AŞPA), Avropa Şurası baş katibini və Avropa Şurası insan hüquqları komissarını bu əhəmiyyətli dövrdə ölkədə baş verən olaylara yaxından diqqət yetirməyə və beynəlxalq insan hüquqları öhdəliklərinin yerinə yetirilməsi üçün Azərbaycana təzyiqləri artırmağa çağırır.
XS
SM
MD
LG