Accessibility links

Xədicə İsmayılovaya sənədi keçmiş MTN əməkdaşı Ramin Nağıyev verib


Xədicə İsmayılova
Xədicə İsmayılova

Jurnalist bu gün istintaqa onun adını açıqlayıb. Nağıyev hazırda mühacirətdədir

Fevralın 21-də araşdırmaçı jurnalist Xədicə İsmayılova (4-cü dəfə) Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Jurnalist iki saat dindirildikdən sonra azad buraxılıb və fevralın 25-də saat 10.30-da yenidən ifadə vermək üçün dəvət edilib.

İsmayılova Amerikanın Səsinə bildirib ki, ondan Art Garden restoranında Amerika Senatının nümayəndələri ilə görüşü və nədən danışdıqları barədə suallar verilib. Eyni zamanda iqtidaryönümlü deputat Ceyhun Osmanlının prokurorluğa təqdim etdiyi lent yazısı barədə soruşulub.

Həmçinin jurnalistdən Amerika Senatının nümayəndələrinin məhz onunla görüşdüyü soruşulub.

”Dedim ki, senatın nümayəndələri məndən öncə Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşüb. Mən sual etmədim ki, niyə məhz Hafiz Paşayevlə görüşüblər. Ona görə ki, Hafiz Paşayev və mən tanınmış adamlarıq”, o qeyd edib.

İsmayılova deputatın onun Amerika Senatının nümayəndələri ilə görüşünün audio yazısını yazmasının qeyri-mümkün olduğunu istintaqın diqqətinə çatdırıb. Çünki, deputata iki qızla biz restoranı tərk etməmişdən bir neçə dəqiqə əvvəl gəlmişdi. Bizim oturduğumuz stolun altında isə nə olduğundan xəbərim yoxdur. Bu barədə mənə deyin?” o sual edib.

Jurnalist həmçinin ona Milli Təhlükəsizlik Nazirliyinin sənədi güman edilən materialın bu qurumun hazırda mühacirətdə olan keçmiş əməkdaşı Ramin Nağıyev tərəfindən göndərildiyini bildirib. Nağıyev bu barədə sosial şəbəkələrdə də yazıb.

Xatırladaq ki, bir neçə gün öncə yerli mediada jurnalistin Amerika Senatının nümayəndələrinə bəzi müxalifət fəalları və media rəhbərlərinin Azərbaycanın məxfi orqanları və hökuməti ilə gizli əməkdaşlıq etməsi barədə siyahı təqdim etdiyi barədə məqalə dərc edilib. Məqalədə həmin şəxslərin siyahısı da verilib. Fevralın 19-da isə iqtidaryönümlü deputat Ceyhun Osmanlı İsmayılovanın restoranda senatın nümayəndələri ilə danışığının lent yazısını prokurorluğa təqdim etdiyini bildirib. Prokurorluq da Osmanlının təqdim etdiyi lent yazısının araşdırılacağını bəyan edib. Jurnalist senatın nümayəndələri ilə restoranda görüşdüyünü təsdiq edib, ancaq siyahı barədə yazılanların böhtan olduğunu bildirib.

Jurnalist fevralın 17-də Facebook-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xidməti fəaliyyətinə aidliyi ehtimal edilən material yerləşdirib. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin yaydığı material 2011-ci ilin oktyabrında Mustafa Kozlu adlı istifadəçinin profilində də yayılıb.

Xədicə İsmayılova Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin qanunsuz biznesləri və mülkləri ilə bağlı araşdırma yazıları dərc etdikdən sonra davamlı təzyiqlərlə üzləşib. Onun yaşadığı evə gizli kamera yerləşdirilib, 2012-ci ilin martında şəxsi həyatı ilə bağlı video yayılıb. Bundan sonra jurnalistin şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi başlanıb. Hələ də istintaqın hansı nəticələrə gəlməsi barədə məlumat yoxdur.

Bununla yanaşı, İsmayılova inzibati qaydada da cərimə olunub. Cərimənin qanunsuz olduğunu bildirən jurnalistin məcburi əməyə cəlb edilməsi barədə qərar qəbul edilib.
XS
SM
MD
LG