Accessibility links

MTN-nin 21 vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçilib


Qandal
Qandal

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəizfəli şəxslərinə qarşı cinayətişi zrə 21 şəxstəqsirləndirilən şəxs qismində cəlb edilib. Onlardan 19 nəfəri barədə həbs qətimkan, 1 nəfər haqqında iltizam qətimkan tədbiri seçilib, 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda deyilir ki,sahibkarlar və ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədarBaş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində həyata keçirilən araşdırma nəticəsində MTN-nin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanıb.

Belə ki, həmin nazirliyin Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov tabeçiliyində olan idarə və şöbə rəisləri Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanov ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz əməliyyatlar keçirib sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib.

Nazirliyin digər Baş İdarəsinin sabiq rəisi Sübahir QurbanovunRabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət almasına dəlalət edən sübutlar toplanləb. S.Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Fzuli Əliyev, Nayiq Alıyev və Zaur Məmmədovdan ibarət mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin mart ayında sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun, A.Zakirov və M.Quliyevin zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək hədə-qorxu gəlməklə külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə dair kifayət qədər əsaslar vardır.

Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstənin 2014-cü ilin dekabrında sahibkar K.Seyfullayevin olduğu avtomaşını güdərək onu nazirliyin inzibati binasına aparıb qanunsuz azadlıqdan məhrum etməsinə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı və narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad etməsinə dair faktlar müəyyən edilib.

Bundan əlavə, həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə araşdırmalar aparılır.

Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini İlqar Əliyev və şöbə rəisinin müavini Azər Mehdiyevin sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarlarınmüraciətləri də araşdırılır.

Nazirliyin digər Baş İdarələrinin sabiq rəisləri Teymur Quliyev və Natavan Mirvətova, həmin qurumların digər vəzifəli şəxsləri Elşad Əzizov, Anar Şirəliyev, Fərhad Atayev və Eşqin Əliyev səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına dair təkzibedilməz sübutlar əldə edilib.

Nazirliyin sabiq şöbə rəisi Vüsal Ələkbərovun sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi, azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına buraxması və barəsində olan cinayət təqibinə xitam verməsinə dair əsaslı faktlar müəyyən edilib. Bundan başqaVüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Nazirliyin digər əməkdaşı Mehman Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunub.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov sahibkar V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində bilmiş, sahibkar həmin pulu aldıqdan sonra onu qanunsuz saxlayaraq telefon danışıqlarına qulaq asıldığını bildirib. M.Əsgərovun iş adamını həbs olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən sonra buraxması və gələcəkdə hesabına göndəriləcək pul vəsaitlərinin alınmasına maneə törətməmək üçün əlavə olaraq külli miqdarda pul almasına dair kifayət qədər dəlillər mövcuddur.

Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG