Accessibility links

Keçmiş nazirin evində axtarış aparıldığı bildirilir


Eldar Mahmudov
Eldar Mahmudov

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.

Bu barədə virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, E.Mahmudovun Bakının Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutusu dolu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.

Sayt bildirir ki, götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqatt Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.

Virtualaz.org saytı həmçinin bildirir ki, bir neçə saat əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun da evində və bağında axtarış aparılıb.

Məlumatda deyilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.

Saytın məlumatına görə, bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsində Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib.

O, ifadə verəndən sonra Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.

Bu məlumatları hələ rəsmi mənbələr təsdiq etməyib.

Xatırladaq ki, oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Bundan sonra, prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb.

İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nairliyinin çoxsaylı yüksək vəzifəli əməkdaşları həbs edilib.

Noyabrın 12-də isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

XS
SM
MD
LG