Accessibility links

Əli Abbasov: Nazirlik əməkdaşlarından saxlanılanlar var


Əli Abbasov
Əli Abbasov

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır.

APA agentliyinin məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Milli Təhlükəsizlik Nazirliyi (MTN) işi” ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə. Abbasov qeyd edib ki, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır: “Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: “Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

Ə. Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib.

Bu il oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanılıb.

Yerli medianın məlumatlarına görə, cinayət işi üzrə indiyədək 20-dən çox vəzifəli şəxs saxlanıb. Saxlanılanlar arasında MTN-Nin əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var. Yerli media Bakı Telefon Rabitəsi İstehsal Birliyinin rəhbəri Beytulla Hüseynovun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun saxlanması barədə də məlumatlar dərc edib.

XS
SM
MD
LG