Accessibility links

“MTN işi” ilə bağlı 15 nəfər həbs olunub


Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb.

APA agentliyinin məlumatına görə, iş üzrə artıq 15 nəfər barəsində həbs, bir neçə nəfər barəsində isə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Barəsində həbs qətimkan tədbiri seçilənlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Həbs olunanlar arasında MTN-in əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.

Qeyd edək ki, bir müddət əvvəl Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. Onun MTN-in sabiq naziri Eldar Mahmudovun yaxın qohumu olduğu bildirilir.

Agentlik bildirir ki, baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir. Nazirlikdə bir neçə yüksək rütbəli şəxs vəzifəsindən azad olunub, yaxud başqa vəzifəyə keçirilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanılıb.

XS
SM
MD
LG