Accessibility links

İlham Əliyev: Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir


Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı konfransında çıxış edib
Prezident İlham Əliyev Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı konfransında çıxış edib

Dövlət başçısı müxalifəti tənqid edib, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin zəruriliyini qeyd edib. O Azərbaycanın ÜTT-yə üzv olmamasının səbəblərini izah edib

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu barədə prezident İlham Əliyev Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda yekin çıxışında bildirib.

Rüşvətxorluq üçün meydan daralır.
Onun sözlərinə görə, son bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur.

“Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar.

Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir.
Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.

Dövlət başçısı bildirib ki, ölkənin daxili vəziyyəti çox sabitdir.

Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.
“Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.

Prezident sual edib ki, bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?!

Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.
“Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”, o qeyd edib.

Prezident Əliyev Azərbaycanın Ümumdüntya Ticarət Təşkilatına üzv olmamasının səbəblərini açıqlayıb.

Dövlət başçısı deyib ki, Azərbaycanı təkidlə bu təşkilata üzv olmağa dəvət edirlər. .

“Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur? Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır”.

Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik.
Prezident hesab edir ki, dövlət ilk növbədə ölkənin fermerlərinə, şirkətlərinə şərait yaratmalıdır.

“Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik”.

İ.Əliyev deyib ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik.

“O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır. Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir”, o qeyd edib.

Xatırladaq ki, bir gün öncə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində Azərbaycanda xarici investisiyalar üçün əsas təhlükələr barədə fikrini bildirib. O dediyinə görə, şirkətlərin nöqteyi-nəzərindən Azərbaycanda iqtisadi və maliyyə riskləri daha çox diqqət cəlb edir.

Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar tərəfindən həyata keçirilən xoşagəlməz hallarla üzləşməyəcəklər.
“Azərbaycanın üzərində işini davam etdirməli olduğu bir sıra məsələlər də var. Bunların arasında gömrük islahatları, rəqabət qabiliyyəti barədə məcəllənin qüvvəyə minməsinin adını çəkə bilərəm.

Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar tərəfindən həyata keçirilən xoşagəlməz hallarla üzləşməyəcəklər. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də mühüm bir addım olacaqdır. Çünki bu təşkilata üzvlük bir sıra islahatların həyata keçirilməsini vacib edir. Bu da öz növbəsində investisiya mühitinin yaxşılaşmasına rəvac verəcəkdir.”, deyə səfir qeyd edib.

Müxalifət hələ prezident Əliyevin çıxışına münasibət bildirməyib.
XS
SM
MD
LG