Accessibility links

Cəmil Həsənli: Vətəndaşını intihar həddinə çatdıran hakimiyyətin yaşamağa haqqı yoxdur


Mərhum Zaur Həsənovun ailə üzvləri
Mərhum Zaur Həsənovun ailə üzvləri
Milli Şuranın sədri Cəmil Həsənli Qarabağ Müharibəsinin veteranı Zaur Həsənovun ölüm xəbərinə verdiyi reaksiyada baş vermiş hadisə ilə bağlı hiddətini ifadə edib. Facebook səhifəsində yaydığı bəyanatda cənab Həsənli bu faciəni “həm də ölkə insanının ümumi taleyinin göstəricisi” kimi qiymətləndirib.

“Ölkəni ağuşuna alan haqsızlıq, ədalətsizlik, bərabərsizlik, məmur özbaşınalığı, oğurluq və rüşvətxorluq bütün cəmiyyəti ağır bəlalar və dərdlərlə təhdid edir,” deyə prezidentliyə sabiq namizəd bəyan edib. O, təmsil etdiyi Milli Şuranın Zaur Həsənovun ölümündə İlham Əliyev hökumətini günahkar gördüyünü deyib və əlavə edib ki, “öz vətəndaşlarını intihar həddinə çatdıran bir siyasi hakimiyyətin yaşamağa heç bir haqqı yoxdur.”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Zaur Həsənovun ölümündən kədərləndiyini bildirib. “Ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin,” deyə cənab Qurbanlı Facebook səhifəsində yazıb. Zaur Həsənov vəfat etməmişdən bir gün öncə Mübarizə Qurbanlı YAP-ı təmsil edən millət vəkili Siyavuş Novruzovla bərabər xəstəyə baş çəkmişdi.

Qarabağ Müharibəsinin veteranı Zaur Həsənov ölməmişdən əvvəl 5 saylı klinikada
Qarabağ Müharibəsinin veteranı Zaur Həsənov ölməmişdən əvvəl 5 saylı klinikada
Bu arada sosial şəbəkələrdə bazar günü Bakının Fəvvarələr Meydanında Zaur Həsənovun ölümünə etiraz olaraq aksiyaya çağırışlar səslənməkdədir. Fəallar cənab Həsənovu intihar həddinə çatdırmaqda günahkar olan şəxslərin cəzalandırılmasını tələb edirlər.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə sui-qəsdə cəhd etdiyini deyirdi. Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.

Qarabağ müharibəsi əlili dekabrın 25-də özünü yandırıb. Bundan sonra 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən Zaur Həsənovun vəziyyəti ağır olaraq qalırdı.
XS
SM
MD
LG