Accessibility links

Ali Məhkəmə Avropa Məhkəməsinin müxalifət fəalları barədə qərarına baxıb


Ali Məhkəmənin binası
Ali Məhkəmənin binası

Plenum cinayət işini yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib

Bu gün Ali Məhkəmənin Plenumu 2003-cü il prezident seçkilərindən sonra həbs edilən keçmiş baş nazir Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və digərlərinin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 2011-ci ildə qəbul etdiyi qərara baxıb. Bu barədə Amerikanın Səsinə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

2003-cü il prezident seçkilərindən sonra oktyabrın 16-da Bakıda keçirilən aksiyada hökumət qüvvələri ilə baş verən qarşıdurmadan sonra çoxsaylı insan, o cümlədən Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Rauf Arifoğlu, Arif Hacılı həbs edilib və iki il həbsdə saxlanılıblar.

Avropa İnsan Hüquqları Məhkəməsi 2011-ci il iyulun 26-da Pənah Hüseyn, Sərdar Cəlaloğlu, Rauf Arifoğlu, Arif Hacılının Azərbaycan Respublikasına qarşı ərizələri üzrə öz qərarını elan edib. Qərarda deyilir ki, ağır cinayətlərə dair işlər üzrə məhkəmənin tərkibi onun qərəzsizliyini təmin etməyib.

”İbtidai istintaqı zamanı müdafiə hüququ pozulub. Məhkəmədə ərizəçilərin müdafiə hüququndan istifadə etməsi üçün zəruri tədbirlər görülməyib. Apellyasiya və kassasiya şikayətlərinə baxan məhkəmələr ərizəçilərin faktiki və hüquqi dəlillərinə qiymət verməyib, aşağı məhkəmənin nəticələrini təkrarlayıb”, Avropa Məhkəməsinin qərarında deyilir.

Avropa İnsan Hüquqları Məhkəməsi həm də bu nəticəyə gəlib ki, ərizəçilərin işi üzrə məhkəmə baxışı ədalətli məhkəmə araşdırılması tələblərinə ziddir. Onların təqsirsizlik prezumpsiyası pozulub.

Məhkəmə pozulmuş hüquqlara görə kompensasiya kimi hər bir ərizəçi üçün 10.000 avro məbləğində təzminat, Pənah Hüseyn və Sərdar Cəlaloğlunu nümayəndəsinin göstərdiyi hüquq xidmətlərinə görə 3.200 avro, Rauf Arifoğlunun hüquq xərclərinə görə 1.500 avro və Arif Hacılının məhkəmə prosesində çəkdiyi xərclərə görə 3.000 avro miqdarında məbləğlərin Azərbaycan hökümətindən tutulmasını qərara alıb.

Ali Məhkəməsinin Plenumu isə işə Bakı Ağır Cinayətlər Məhkəməsində yenidən baxılması barədə qərar qəbul edib.

Sərdar Cəlaloğlu Ali Məhkəmənin Plenumunda iz üzrə ittiham edilmiş şəxslərə bəraət verilməsini istədiyini deyib. Lakin, plenum bunu təmin etmədi.

“Biz qeyri-qanuni həbs edilmişik, evimizə hücum olub. Şəxsən mənim ev əşyalarım yarasız hala salınıb, həyat yoldaşımın və qızımın 50 min dollaradək dəyərində olan ziynət əşyaları oğurlanıb. Bizim günahsızlığımız artıq Avropa məhkəməsində sübut olunub. Cinayət yox, şahid yox, sübut yox. Ağır Cinayətlər Məhkəməsi qərarını ləğv edəndən sonra bizim həbsimizdə və evimizə hücumda iştirak edən adamlara qarşı iddia qaldıracağıq. Dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edəcəyik”, o qeyd edib.

Cəlaloğlu həmçinin xatırladıb ki, Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına 3 ay müddətində baxmalıdır. “Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin bizimlə bağlı qərarına qanunvericiliyi pozaraq 3 ildən sonra baxıb. Bu da günahsızlığımıza bir daha sübutdur”, ADP sədri bildirib.
XS
SM
MD
LG