Accessibility links

İran DAK-ın cəzalandırılmasını istəyir


DAK-ın mətbuat konfransı
DAK-ın mətbuat konfransı

İran Azərbaycana nota verib. Daxili İşlər Nazirliyi DAK-ın fəaliyyəti ilə maraqlanıb

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputat Sabir Rüstəmxanlı İran tərəfin verdiyi nota əsasında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) qurumun fəaliyyəti ilə maraqlanmasına dair mətbuat konfransı keçirib.
İran tərəf adı çəkilən və yarı-gizli notanı Azərbaycan tərəfinə 10 gün öncə verib.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirliyinin belə bir nota təqdim etdiyini inkar edib. Amma, DİN İran tərəfindən nota göndərildiyini təsdiqləyib.
S.Rüstəmxanlı Azərbaycan Xarici İşlər Nazirliyinin notanı Prezident Administrasiyasına (PA), PA-sının da öz növbəsində DİN-ə göndərildiyini açıqlayıb.

Bundan sonra DİN İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları DAK rəhbərliyinə yox, əməkdaşlara zəng edərək izahat vermələrini, kompüterlərini yoxlamaq istədiklərini bildirib. DAK həmsədri bu məsələdə DİN-in məqsədinin nə olduğunu müəyyən edə bilmədiyini deyib. Amma DAK-ın fəaliyyətinin məhdudlaşdırılması, hətta ölkədən çıxarıla bilməsi kimi ethtimalları açıqlayıb. DİN-in adı çəkilən idarəsinin əməkdaşı ilə telefonla əlaqəsi saxlayan S.Rüstəmxanlı DAK rəhbəri kimi bütün sorğuların ona ünvanlanmasını tələb edib.

S.Rüstəmxanlı bu notanı İran tərəfinin “yekəxanalığı” adlandırıb. ABŞ-ın, Avropanın təzyiqləri önündə səsini belə çıxara bilməyən İranın Azərbaycana nota göndərməsi “Azərbaycanı zəif sayması”nın nəticəsidir.

Həm də İran tərəfinin göndərdiyi notada ilk cümlədə DAK-ın fəaliyyətinin “iki ölkə arasında imzalanan müqavilələrə uyğun olmaması” ifadəsi yer alıb.

“Biz bilmirik söhbət hansı qarşılıqlı müqavilələrdən gedir, buna rəsmi Bakı özü aydınlıq gətirməlidir”, DAK həmsədri bildirib.

Rəsmi Bakı İran tərəfinin Azərbaycan dövlətinə, dövlət rəmzlərinə, millətinə təhqiramiz mövqeyinə səssiz qalır.

DAK-ın dünya azərbaycanlılarının hüquqlarını müdafiə qurumu olduğu və bu yolu davam etdirəcəyi deyilib.

“DAK-ın heç zaman Azərbaycanın daxili siyasətinə qarışmır və bundan sonra da qarışmayacaq. Bir ictimai qurum olaraq rəsmi Bakının da DAK-ın ictimai fəaliyyətini təftiş etmək haqqı yoxdur”.

İranda 35 milyon Azərbaycan türkü yaşadığı, bu insanların ən elementar hüquqlardan məhrum olduqları nəzərə çatdırılıb.

“İran tənqid olunmasını istəmirsə, Azərbaycan türklərinin bütün insani haqlarını təmin etsin, təmin etməyəcəksə, daha ağır tənqidlərə məruz qalacaq”, Rüstəmxanlı xəbərdarlıq edib.

Kütləvi aksiyalara gəlincə, DAK məqsədəuyğun saydığı vaxtda İranın Azərbaycan səfirliyi önündə aksiyalar keçirəcək.

Mövzuya uyğun

XS
SM
MD
LG