Accessibility links

Anar Məmmədli ev dustaqlığına buraxılmayıb


Anar Məmmədli
Anar Məmmədli

Məhkəmə hüquq müdafiəçisinin vəsatətini təmin etməyib. Məmmədli vicdan məhbusu kimi tanınıb

Aprelin 1-də Bakının Nəsimi rayon məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkili Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, bundan əvvəl prokurorluq Məmmədlinin həbsdə saxlanmasını onun istintaqdan gizlənə və şahidlərə təzyiq göstərə biləcəyi ilə əsaslandırıb.

“Amma ibtidai istintaq yekunlaşıb və Anar Məmmədli istintaqdan yayına və ya şahidlərə təzyiq göstərə bilməz”, deyə Namazlı bildirib.

Lakin məhkəmə vəsatəti təmin etməyib və bu qərardan apellyasiya şikayəti veriləcək.

Anar Məmmədli 16 dekabr 2013-cü ildə qanunsuz sahibkarlıq, vergilərdən yayınma, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə saxlanılıb.

Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək haqqında iltizam vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədov 179.3.2 (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Hüquq müdafiəçilərini müdafiə edən digər təşkilat – Front Line Defenders Məmmədlini Soçidə Olimpiya Oyunlarına həsr edilmiş kampaniya çərçivəsində müdafiə olunan 12 hüquq müdafiəçisi siyahısına daxil edib.

Məmmədli həbsinin əsl səbəbini Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri zamanı seçki saxtakarlıqları əks olunan hesabat yayması ilə izah edir.
XS
SM
MD
LG