“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq fevralın 12-də "siyasi məhbus"ların yeni siyahısını yayıb. Yeni siyahıya 357 nəfərin adı daxil edilib. "Siyasi məhbus"ların sırasında 8 nəfər qadın var, onların hamısı jurnalistlərdir.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyini bildirib.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq sonuncu dəfə ötən ilin dekabrında "siyasi məhbus"ların siyahısını dərc edib. Həmin siyahıda 331 nəfərin adı var idi.
Qurum bildirir ki, ötən dövrdə 5 nəfər siyasi məhbus həbs müddəti başa çatdığından azad edilib. Amma 31 nəfər siyasi məhbus kimi tanınıb. Yeni siyahıya son dövrdə həbs edilən 3 nəfər jurnalistin (Fərid İsmayılov, Şəmşad Ağayev (Ağa), Şahnaz Bəylərqızı (Hüseynova), İmişlidə baş verən hadisələrlə bağlı həbs edilən 13 nəfərin, 2 nəfər müxalifət fəalının, 1 nəfər milli azlıq fəalının, 5 nəfər dindarın, 5 nəfər Tərtər hadisələri (2017-ci ildə həbs ediliblər, amma ailələri quruma indi məlumat verib) zamanı həbs edilənlərin, Gəncə hadisələri ilə (2018-ci il) bağlı həbs edilən 1 nəfərin, “Qaranquş işi” (1993-cü ildə həbs edilib, lakin ailələri indi məlumat verib) ilə bağlı həbsdə olan 1 nəfərin adı daxil edilib.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyahını 12 qrup üzrə aşağıdakı kimi tərtib edib:
- jurnalistlər və blogerlər - 27 nəfər;
- hüquq müdafiəçiləri - 4 nəfər;
- müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri - 32 nəfər;
- milli azlıqların fəalları - 4 nəfər;
- müharibə əleyhdarı fəallar - 2 nəfər;
- Söyüdlü kəndi üzrə iş üzrə - 2 nəfər;
- Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər - 5 nəfər;
- İmişli işi üzrə həbs edilənlər - 13 nəfər;
- Dindarlar - 235 nəfər;
- Tərtər işi üzrə həbs edilənlər - 8 nəfər;
- Gəncə işi üzrə həbs edilənlər - 13 nəfər;
- ömürlük məhbuslar - 12 nəfər.
Yeni siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Siyasi Məhbusların Monitorinqi Mərkəzi" İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
“Bu siyahıya 12 fevral 2025-ci il tarixinə haqqında mötəbər məlumatlar toplanmış siyasi motivlərlə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxildir. Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslərlə artmaqda davam edir. Rejim repressiyalarını davam etdirir”, “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaqın məlumatında qeyd edilir.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaq siyasi məhbusların siyahısnın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edildiyini bildirir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, siyasi məhbus məsələsi Azərbaycan Avropa Şurasına qəbul edildikdən sonra cərəyan edir.
“Siyasi məhbus siyahısını tərtib edən şəxlər (Leyla Yunus) də həmin məsələni özünün hüquq istismarı, böyük piramidal siyasi vasitəsinə çevirib. Bir qism şəxslərin o siyahıya daxil olmasının özü də ayrıca qanunsuz proseslərin nəticəsidir”, o qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan qanunvericiliyi xüsusilə indi media təmsilçiləri, üçüncü sektorun nümayəndələri və sair kimi təsnifləşdirilən şəxslərin üçüncü ölkə üzərindən əldə etdiyi qrant vəsaitləinin qaçaqmal yolu ilə ölkəyə gətirilməsini cinayət məsuliyyətləri kimi tövsif edir.
“Bu məsələni mübahisləndirmək, onun ətrafında diskussiyalar aparmaq olar. Amma, real fakt bundan ibarətdir. Ona görə də həmin məsələ ətrafında siyahıların o cür tərtibi və müharibədə qalib gəlmiş Azərbaycan dövlətinin bu cür bir obrazının yaradılması üçün faydalanılması doğru deyil”, o qeyd edib.
Zahid Oruc hesab edir ki, bir qədər əvvəl onun bu cür danışması bəlkə də bir az subyektiv görünərdi.
“Amma bu məsələ Prezident Trampın ikinci dəfə hakimiyyətə gəlişindən və İlon Maskı effektiv hökumət siyasəti üzrə məsul şəxs təyin etməsindən sonra USAİD və digər qurumların, ümumiyyətlə Amerikanın fundamental idarəçilik fəlsəfəsinin, prinsiplərinin büs-bütün dəyişdirilməsi fonunda, bu mövzunun, yəni insan haqları üzrə ixtisaslaşmış qurumların da qlobal çapda necə korrupsiya cinayətlərini, şəbəkələrini təşkil etdikləri fonunda daha yaxşı anlaşılır”, o qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan dövləti qarşısına konkret şəxsləri həbs etmək məqsədi qoymur.
“Tam əksinə, Azərbaycan dövləti gündəlik olaraq milyonlarla insanın sosial, iqtisadi, təhlükəsizlik və sair xarakterli hüquqlarının təmin olunması yolunda addımlar atır. Ona görə də Azərbaycan dövləti kimi isə həbs edib onun doğması, çevrəsi və xaricvi qüvvələrin üzərindən bu cür təsirlərə, təzyiqlərə və ittihamlara məruz qalması qətiyyən istənilməzdir”, o qeyd edib.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsin bildirib ki, Azərbaycanda insan hüquqları, vətəndaşların konstitusion hüquqlarının fundamental olaraq realizə olunması ilə bağlı ciddi problemlər mövcuddur.
“Təbii ki, hökumət bu problemlərin olduğunu ya inkar edir və yaxud, bəzən dolayısı yolu ilə təkzib etməyə çalışır. Həbslərin insanların hansısa ifadə azadlığı, birləşmək azadlığı ilə əlaqələndirmirlər. Guya hansısa bir cinayət işində təqsirləndirlən şəxs kimi cəlb olunduğunu bildirirlər. Amma bunu istintaq, məhkəmə dövründə mübahisələndirərkən əksinin şahidi oluruq. Bütün suallar daha çox siyasi proseslər üzərində qurulduğuna görə, əminliklə deyə bilərik ki, bu insanlar siyasi baxışlarına görə təqib olunur”, o qeyd edib.
Forum