2024-cü il Azərbaycanda "repressiyaların və polis özbaşınalığının güclənməsi" ilə yadda qaldı.
Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzi hüquq-müdafiə təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabatında deyilir.
Siyasi məhbusların sayında ciddi artım qeydə alınıb ki, onların sayı ötən il dekabrın 10-dək 331-ə çatıb.
Ənənəvi olaraq, onların arasında ən çoxu dindarlardır. Lakin keçən il jurnalistlər, blogerlər və hüquq müdafiəçilərinin sayında da əhəmiyyətli artım olub.
"5-ci kolon"un nümayəndələrinin "ovlanmasını" Daxili İşlər Nazirliyi həyata keçirib. Bu qurum öz işçilərinə ən amansız "hüquqlar" (fiziki haqq-hesab çəkməyə qədər) verib. KİV-in məlumatına görə, polis həddindən artıq tədbirlərdən istifadə edib və cinayətlərdə şübhəli bilinən bir neçə nəfər "müqavimət göstərərkən" odlu silah tətbiqilə yerindəcə məhv edilib. Şübhəlilərin öldürülməsi hakimiyyətyönlü KİV-də "qanuni tədbirlər" kimi təqdim edilib”, sənəddə qeyd edilir.
Bununla yanaşı, hüquq müdafiəçilərinin ifrat tədbirlərin tətbiqinin nə dərəcədə əsaslı olduğunu yoxlamaq imkanı yoxdur.
Hüquq-müdafiə təşkilatı ölkədə narkomanlığın artdığını qeyd edir. Lakin təşkilat hesab edir ki, mübarizə yalnız güc tətbiqilə aparılır, baxmayaraq ki, sivil dünyada narkomanlara müalicəyə ehtiyacı olan xəstələr kimi yanaşırlar.
“Azərbaycanda isə narkomanlar cinayətkar sayılır və onların barəsində müvafiq tədbirlər görülür. Narkomaniyanın yayılmasına qarşı mübarizəni elan edən çoxsaylı hökumətyönlü təşkilatların olmasına baxmayaraq, narkoasılılığın profilaktikası demək olar ki, yoxdur”, sənəddə qeyd edilir.
Rəsmi statistikaya görə, cinayətlərin 30,6 faizi narkomanlar tərəfindən törədilib və ölkənin tibb müəssisələrində 36,659 narkoasılı şəxs qeydə alınıb.
“Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm dəfələrlə yüksəkdir. Eyni zamanda, hüquq-mühafizə orqanları məcburi müalicə tədbirlərinə dair qanundan sui-istifadə edirlər. Çox vaxt Daxili İşlər Nazirliyi "narkotik maddələrin alveri ilə mübarizə" adı altında ictimai fəalları, siyasi partiya üzvlərini, jurnalistləri və blogerləri həbs edir. 2024-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Razi Alışov və Sahib Məmmədzadə, Həmkarlar İttifaqı fəalları Elvin Mustafayev və Ayxan İsrafilov və başqaları bu cür işlərə görə həbs olunaraq mühakimə ediliblər. Ancaq narkotik maddələrlə "yalan mübarizə"dən ən çox əziyyət çəkənlər dindarlardır. Son illərdə 150-yə yaxın dindar narkotik maddə ittihamı ilə həbs olunub”, hesabatda deyilir.
2024-cü il hüquq müdafiəçilərinin - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov, həmçinin Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbsi ilə yadda qaldı.
Penitensiar Xidmətdə korrupsiya, işgəncə, siyasi məhbuslarla amansız rəftarın qaldığı da hesabatda göstərilib.
“Məhbuslar arasında ölüm halları artıb. 2024-cü ildə cəzaçəkmə müəssisələrində 40-dan çox ölüm hadisəsi qeydə alınıb və 2025-ci ilin əvvəlində də bir neçə ölüm baş verib. Rəsmi olaraq ölümün səbəbinin xəstəlik olduğu göstərilir. Ancaq sosial şəbəkələrdə adamların döyülmə nəticəsində ölməsi ilə bağlı məlumatlar da var”, sənəddə qeyd edilir.
Belə ki, 13 saylı koloniyada məhbus Royal Axundovun zorakılıqla ölməsi barədə məlumat yayılıb. Bu məlumatdan sonra həmin koloniyanın məhbuslarına telefon danışıqları qadağan edilib.
Hüquq müdafiəçiləri əvvəlkitək monitorinq üçün həbsxanalara buraxılmır.
“Məmurların, təhlükəsizlik işçilərinin qeyri-şəffaflığı, məlumatların məhdudlaşdırılması, jurnalistlərin təqib edilməsi insan hüquqlarına, özbaşınalığa, həbslərə, işgəncələrə, ölümlərə məhəl qoyulmamasına və Daxili İşlər Nazirliyinin repressiv tədbirlərinə şərait yaradır”, hesabatda qeyd edilir.
Öz növbəsində, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət bu hesabata hələ münasibət bildirlməyib.
Bununla yanaşı, Penitensiar Xidmət saxlanma yerlərində insanların qanunvericiliyin normalarına uyğun saxlanıldığını, onlara qarşı zorakıləıq və işgəncə hallarına yol verilmədiyini bildirir. Daxili İşlər Nazirliyi də insanların iradəsinə görə təqib edilmədiyini, onların saxlanılması zamanı qeyri-insani davranışa yol verilmədiyini bəyan edir. Nazirliyin mətbuat xidməti saxlanılan şəxslərin qeyri-insani davranışla bağlı dediklərinin özünü müdafiə xarakteri daşıdığını deyir.
Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.
Forum