Accessibility links

Azərbaycan və İranda diplomatik nümayəndəliklərin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb


Azərbaycan İran
Azərbaycan İran

Azərbaycan və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.

İRNA agentliyi bildirir ki, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb və danışıqlar aparıb.

Görüşdə iki ölkə arasında münasibətlərdə müsbət irəliləyişlərə toxunulub, hər iki tərəfin sazişlərin həyata keçirilməsi və aralarındakı münasibətlərin qorunması üçün səy göstərməsinin vacibliyi vurğulanıb.

Dəmirçili, iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycanda bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəsinin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.

İRNA bildirir ki, xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycan XİN-nin məlumatına görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı “açıq-aşkar şəkildə aparılan kampaniyaya” etiraz bildirilib.

“Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.

Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Azərbaycan, Rusiya və İran nəqliyyat nazirlərinin yanvarın 28-də Moskvada görüşlərinin keçirilməsi razılaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab edib.

“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir," Əliyev bildirib.

Azərbaycan Prezidentinin bu bəyanatından sonra İranın dövlət və dövlətə yaxın olan mediasında Azərbaycan Prezidentinin tənqidinə yönəlmiş məqalələr dərc edilib.

İranın yüksək səviyyəli rəsmiləri Əlyevin səsləndirdiyi son bəyanata reaksiya verməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin insidentlə bağlı etirazına cavabda İran xarici işlər nazirinin köməkçisi və qurumun Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazı ölkəmizin şimal-qərb şəhərlərindən birində keçirilən mərasimdə bir şəxsin düşünülməmiş və yersiz açıqlamaları ilə bağlı olub. Təbii ki, qeyd etmək lazımdır ki, bu cür açıqlamaların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi yoxdur”.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG