İranın Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində yaşayan milli fəal Səccad Şəhiri dindirilmək üçün təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb.
Yanvarın 20-də təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində yaşayan türk fəal Səccad Şəhiriyə zəng edərək, onun idarəyə gələrək sorğu-suala qatılmasını tələb edib.
Günaz TV-nin yaydığı məlumata görə, türk fəal bu tələbi qanunsuz adlandıraraq rədd edib.
Azərbaycanlı fəal Səccad Şəhiri əvvəllər apardığı dinc fəaliyyətlərdən dolayı dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb və həbsə məhkum edilib.
2018-ci ilin iyul ayının 20-də Babək Qalası tədbirləri zamanı Səccad Şəhiri onlarla milli fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və qısa müddət sonra sərbəst buraxılmışdı.
O, 2020-ci ilin yanvar ayının 16-da kəşfiyyat agentləri tərəfindən yenidən həbs edilmişdi. Milli fəal martın 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü. Martın 18-də isə 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Daha sonra Sulduzun Cinayət Məhkəməsinin 103-cü şöbəsi Səccad Şəhirini "İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı əsasında 6 ay həbs cəzasına məhkum etmişdi. Bu hökm vilayət Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılmışdı.
2021-ci ilin aprelin 3-də həbs cəzasını çəkmək üçün Sulduz şəhərində yerləşən həbsxanaya göndərilən milli fəal mayın 25-də "erkən azadlıq" maddəsindən yararlanaraq sərbəst buraxılmışdı.
Hazırda siyasi fəal azərbaycanlıların milli və mədəni hüquqlarını müdafiə etmək məqsədilə dinc fəaliyyətini davam etdirdiyi üçün təhlükəsizlik qüvvələrinin təzyiq və təhdidləri ilə üz-üzədir.
Forum