Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Azərbaycan Prezidentinin administrasiyanın məlumatına görə, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Voldimir Zelenski X Platformasında yazıb ki, Prezident İlham Əliyüevlə görüşdə Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verib.
"Qəza yerindən dəlillər aydındır və Rusiyanı həqiqəti söyləməyə məcbur etmək üçün təzyiq göstərmək vacibdir. Biz, həmçinin ikitərəfli əlaqələri və onların gələcək inkişafını, o cümlədən ölkələrimiz arasında ticarətin artırılması perspektivlərini və enerji sektorunda əməkdaşlığı müzakirə etdik", Ukrayna Prezidenti qeyd edib.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılıb.
Forum