Noyabrın 20-də Bakı şəhər Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbiririnin müddətini daha üç ay uzadıb.
Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmə həbs müddətini Bakı şəhər Prokurorluğu tərəfindən verilən təqdimat əsasında uzadıb.
Cavad Cavadovun sözlərinə görə, müdafiə tərəfinin ev dustaqlığı seçilməsi ilə bağlı vəsatəti təmin edilməyib.
“COP 29 tədbiri ilə bağlı Azərbaycanda səfərdə olan Norveç İnsan Hüquqları Evi Fondunun təmsilçisi Ane Tusvik Bonde və başqa hüquq müdafiəçiləri məhkəmə binasına buraxılmayıb. Bu qanunsuzdur, çünki onların digər şəxlər kimi açıq keçirilən proseslərdə iştirak etmək hüququ var”, o bildirib.
Vəkil qeyd edib ki, məhkəmədə iştirak edən Anar Məmmədli həbs müddətinin uzadılmasını əsassız sayıb və həbsini siyasi sifariş hesab etdiyini bildirib.
Vəkil hüquq müdafiəçinin səhhətində ciddi geriləmələrin olduğunu və adekvat olaraq müalicə olunmasının vacib olduğunu deyib.
“Biz onun mulki klinikada müayinə olunması ilə bağlı Xətayi Rayon Məhkəməsinə müraciət etdik. Amma məhkəmə təmin etmədi”, o bildirib.
Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.
Azərbaycanlı rəsmilər bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Forum