Accessibility links

Azərbaycanda həbsdə olan tədqiqatçının filmi İtaliyada "Monza" beynəlxalq kino festivalında mükafat alıb


İqbal Əbilovun "Fraqmentlər" filmi (Mənbə: Sosial şəbəkə)
İqbal Əbilovun "Fraqmentlər" filmi (Mənbə: Sosial şəbəkə)

Azərbaycanda həbsdə olan talış əsili tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər" filmi noyabrın 1-də İtaliyada "Monza" beynəlxalq kino festivalında "Ən yaxşı elmi-fantastik film" nominasiyasında mükafat alıb.

"Monza" kino festivalı hər iki aydan bir müxtəlif kateqoriyalarda nəzərə çarpan filmləri seçir.

"Bu təqdir İqbalın hazırkı çətinliklərinə baxmayaraq, bədii baxışının və yaradıcılığının sübutudur", Əbilovun həbsindən sonra onun dostlarının və həmkarlarının gənc alimə dəstək üçün yaratdığı saytda dərc edilmiş məlumatda bildirilir.

Əbilovun, demək olar ki, bütün yetkin həyatını Belarusda keçirməsinə baxmayaraq, film festivala Azərbaycanın adından təqdim edilib.

"Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub. Filmdə bir-birinə aşiq olan iki androidin hekayəsindən bəhs edilir, onların gündəlik həyatından müxtəlif səhnələr əks olunur.

Yeri gəlmişkən, Əbilovun vəkili onun ev dustaqlığına keçirilməsi haqqında yeni vəsatət verib, belə ki, onunla bağlı fəal istintaq hərəkətləri aparılmır və o, azadlıqda olsa, elmi fəaliyyətini davam etdirə bilər.

İqbal Əbilov iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələrilə ittiham irəli sürülüb.

Xüsusən, bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur.

Əbilov ittihamları qəbul etmir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir. Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik göstərilməsi xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Forum

XS
SM
MD
LG