Accessibility links

Praqada keçirilən beynəlxalq konfransda azərbaycanlı siyasi məhbuslarla bağlı stendlər qoyulub


Praqa "Forum 2000" konfransında azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub. (Foto: Abzas Media)
Praqa "Forum 2000" konfransında azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub. (Foto: Abzas Media)

Praqada keçirilən ikigünlük "Forum 2000" konfransında oktyabrın 13-də üzərində azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub.

Abzas Medianın məlumatına görə, konfransa təqdim olunan stendlərdə talış hüquqları tədqiqatçısı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, "Toplum TV işi" üzrə və "Abzas Media işi" üzrə saxlanılanlar və digərləri barədə məlumatlar yer alıb.

"Forum 2000" demokratik dəyərlərin, insan hüquqlarının, vətəndaş cəmiyyətinin və dini tolerantlığın təşviqi məqsədilə hər il keçirilən ənənəvi konfransdır.

Məlumata görə, bu il keçirilən konfransda insan hüquqları və siyasi azadlıqlar uğrunda davam edən mübarizəyə xüsusi diqqət yetirilib.

Təşkilatçılar Azərbaycanda siyasi məhbuslara həsr olunmuş sərgi təşkil ediblər. Sərgi 11 paneldən ibarətdir və bu panellər Azərbaycan vətəndaş cəmiyyətinə qarşı baş verən son basqıların miqyasını və ciddiliyini vizual olaraq göstərir.

"Forum 2000" demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti və dini tolerantlıq kimi qlobal məsələlərə dair açıq dialoq qurmaq üçün beynəlxalq bir platformadır. 1996-cı ildə Vaslav Havel, Eli Vizel və Yohey Sasakava tərəfindən qurulmuş bu platforma qlobal sülhə və demokratik idarəetməyə təhdid olan çağırışlarla mübarizə aparmaq üçün dünyanın tanınmış fikir adamlarını və liderlərini bir araya gətirməkdə davam edir.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Hüquq-müdafiə təşkilatları ölkədə 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Forum

XS
SM
MD
LG