Həbsdə saxlanılan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu gün, iyulun 26-da müstəntiq istintaq təcridxanasına gələrək ibtidai istintaqın başa çatdığını elan edəcək və müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.
Vəkil müdafiə tərəfinin Famil Xəlilov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəsatətinin təmin edilməməsindən təəssüflənir.
“Famil Xəlilov iflicdir. Təcridxana şəraitində saxlanılması onun üçün çox çətindir. Qolları iflic olduğundan özü sərbəst qida, su qəbul edə bilmir, yuyuna bilmir. Sanitar qovşaq şəraitində saxlanılır. Ona yalnız kamera yoldaşları kömək edir. Hərəkət edərkən əllərini müvazinətini saxlaya bilmədiyindən parça ilə bağlayırlar”, vəkil qeyd edib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.
Forum