Accessibility links

Fiziki məhdudiyyəti olan ictimai fəal təcridxana rəhbəri ilə görüşdən sonra aclığı dayandırıb


Famil Xəlilov
Famil Xəlilov

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan ictimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 24-də aclığı dayandırıb. O mayın 22-də məhkəmədə həbsinə etiraz olaraq aclığa başlamışdı.

Vəkil Bəhruz Bayramov mayın 24-də təcridxanada Famil Xəlilovla görüşdən sonra Amerikanın Səsinə deyib ki, təcridxana rəhbərliyinin onunla görüşündən sonra Xəlilov aclığı dayandırıb.

“Ona söz veriblər ki, işinə yenidən baxılacaq. Çünki onun qolları iflicdir, dərmanlarını qəbul etməsə vəziyyəti çox ağır olar. O 4-5 dərman qəbul edir. Dərmanların biri tonusunu salmaq üçündür, biri əzələlərinin yumşalmasına kömək edir, biri yuxu, biri də qida qəbuluna kömək üçündür. O bu dərmanları qəbul etməsə, yediyi qidaları, hətta suyu belə qaytarır. Dərmanları qəbul etməsə səhhətində elə ciddi problemlər yaranar ki, onun qarşısı alınamz olar”, o qeyd edib.

Xəlilov vəkilə deyib ki, aclığı müvəqqəti olaraq dayandırıb.

“O dedi ki, həbsdə saxlanıldığı təqdirdə qida və su qəbul etməmək şərti ilə sonadək aclıq edəcək. Onun ictimaiyyətə mesajı budur ki, qanunsuz və haqsız olaraq həbs edilib”, Bayramov qeyd edib.

Vəkil deyib ki, Famil Xəlilov ev dustaqlığına buraxılmalıdır.

“O yalnız bu halda yaşayış tərzini qismən təmin edə bilər. Bunun üçün sadəcə məhkəmə ədalətli qərar qəbul etməlidir. Amma, müdafiə tərəfi ev dustaqlığı ilə bağlı bir neçə dəfə vəsatət verib, lakin məhkəmə təmin etməyivb. Onun xəstəliyi ciddi problemlər yaradır. Məhkməyə gəlməsi belə problemdir. Çünki sərbəst hərəkət edə bilmir. Hətta təcridxanada görüş otağına avtomobillə gətirirlər. Ona təcridxanada xidmət personalı da verməyiblər. Deyir ki, otaq yoldaşları kömək edir. Amma, Famil bildirir ki, təcridxanada birgə saxlanıldığı otaq yoldaşlarına belə müraciət etməyə utanır. O qida və su az qəbul edir ki, ehtiyacları yarananda otaq yoldaşlarına az əziyyət versin. Özü qida, su belə qəbul edə bilmir. Bunun hamısını ona otaq yoldaşları verir”, vəkil qeyd edib.

Famil Xəlilovun durumu ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.

Mayın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Fərid Əyyubovun sədrliyi ilə Binəqədi Rayon Məhkəməsinin Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməməsindən verilən şikayəti təmin etməyib. Bundan sonra Famil Xəlilov qanusuz həbsinə və məhkəmə qərarına etiraz olaraq aclıq aksiyasına başladığını məhkəmədə bəyan edib.

Xəlilov məhkəmədə həbsinin ictimai fəaliyyəti, hökuməti sosial şəbəkələrdə tənqid etməsi ilə bağlı olduğunu bildirib. O deyib ki, hər iki qolu iflic olduğu halda onun narkotik ticarətində ittiham olunması absurddur.

Xatırladaq ki, mayın 14-də Bakının Binəqədi Rayon Məhkəməsi Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Azərbaycana deportasiya edildikdən sonra o, tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Qollarının iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub və kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edirdi və insanları etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Forum

XS
SM
MD
LG