Accessibility links

Əlilliyi olan ictimai fəal məhkəməyə etiraz olaraq quru aclığa başlayacağını bildirib


Famil Xəlilov
Famil Xəlilov

İctimai fəal, birinci qrup əlil Famil Xəlilov mayın 22-də məhkəmədə həbsinə etiraz olaraq quru aclığa başlayacağını bəyan edib. Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Belə ki, mayın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Fərid Əyyubovun sədrliyi ilə Binəqədi Rayon Məhkəməsinin Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməməsindən verilən şikayəti təmin etməyib. Məhkəmə fəalı həbsdə saxlayıb. Bundan sonra o quru aclığa başlayacağını bildirib.

Vəkil Bayramov məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini deyib.

Onun sözlərinə görə, Famil Xəlilovun səhhəti ağır olaraq qalır.

“Famil özü məhkəmədə iştirak edirdi. O bildirdi ki, təcridxananın sanitar-tibb məntəqəsində saxlanılır. Həbsdə olduğu 17 gündə çox əziyyət çəkdiyini məhkəmə heyətinin diqqətinə çatdırdı. Bildirdi ki, qolları iflic olduğundan özü su belə içə bilmir. Ona-buna su ver deməkdən cana doyub. O bu durumda həbsdə saxlanmasını görünməmiş işgəncə adlandırdı”, vəkil qeyd edib.

Vəkil deyib ki, Xəlilov həbsinin ictimai fəaliyyəti, hökuməti sosial şəbəkələrdə tənqid etməsi ilə bağlı olduğunu bildirib. Fəal məhkəmə heyətinə bildirdi ki, hər iki qolu iflic olduğu halda onun narkotik ticarətində ittiham olunması absurddur.

“O dedi ki, İsveçdə yaşadığı müddətdə hökumət onun müalicəsini, dərmanlarını və digər təminatlarını tam qarşılayıb. Deportasiya olunan zaman Azərbaycan Səhiyyə Nazirliyi öhdəlik götürüb ki, Familin müalicəsini, dərman və digər təminatları ilə bağlı bütün xidmətləri qarşılaycaq. Ancaq o 8 aydır Azərbaycandadır. Azərbaycan Səhiyyə Nazirliyi öhdəliyini yerinə yetirməyib”, vəkil Famil Xəlilova istinadən qeyd edib.

Xatırladaq ki, mayın 14-də Bakının Binəqədi Rayon Məhkəməsi Famil Xəlilovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Vəkil bildirib ki, cinayəti sübut edəcək heç bir dəlilin olmamasına baxmayaraq, məhkəmə Xəlilovu həbsdə saxlayır.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsin deyib ki, birinci qrup əlil Famil Xəlilovun quru aclığa başlaması onun həyatını qısa bir zamanda təhlükə altına qoya bilər.

"Ombudsman Səbinə Əliyeva, Ombudsman Aparatının Preventiv Qrupu Famil Xəlilovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə cəhd göstərir. Çox təəssüf ki, Daxili İşlər Nazirliyi və onun struktur bölmələri, rəhbər şəxlsəri Xəlilov barəsində daha yumşaq qərar qəbul ediləcəyi ilə bağlı vədlər versə də, nəticə etibarı ilə Famil bu gün hələ də həbsdədir. Onlar Famil Xəlilov barədə ictimai rəydə tənqidlərin səngiməsi və həbsinin qanunsuz olması ilə bağlı sosial şəbəkələrdəki statuslar aradan qalxandan sonra onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə dəyişdiriləcəyinə baxıla biləcəyini qeyd edirlər", o qeyd edirb.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanın "müasir repressiv tarixində Famil Xəlilov işi hər hansı başqa bir işlə müqayisə oluna bilməz".

"İlk dəfədir ki, birinci qrup əlil, müstəqil şəkildə qida qəbul edə bilməyən, ehtiyaclarını yerinə yetirə bilməyən bir şəxsi tənqidi mövqeyinə, çıxışlarına görə cəmiyyətsdən bu cür təcrid edirlər. Onu narkotiklə şərləyiblər. Burada siyasi şərləmədən başqa, məsələnin humanitar tərəfi bizi çox narahat edir. Famil Xəlilov aclıq aksiyasına başlayacağı halda onun həyatı və sağlamlığı tamamilə sual altına düşəcək. Faktiki olaraq Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi Famil Xəlilovun azadlığa çıxmasını istəmir və bunlar hesab edir ki, fəal ictimai çağırışlarla azadlığa buraxıla bilməz", Səfərov qeyd edib.

Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Azərbaycana deportasiya edildikdən sonra o, tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.

Qollarının iflic olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal olub və kompüterdə ayaq barmaqları ilə yazıb. O, hakimiyyəti tənqid edirdi və insanları etiraz aksiyalarında iştiraka çağırırdı.

Xəlilov mayın 4-də saxlanılıb. Fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Forum

XS
SM
MD
LG