Accessibility links

Əlilliyi olan Famil Xəlilov ev dustaqlığına buraxılmayıb


Famil Xəlilov (Mənbə: Sosial şəbəkə)
Famil Xəlilov (Mənbə: Sosial şəbəkə)

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində ötən il İsveçdən Azərbaycana readmissiya olunan Famil Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılıb.

Mayın 2-də həbs olunan I qrup əlil olan ictimai fəalın şikayəti təmin olunmayıb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə məlumatında bildirib ki, Xəlilovun özünü də məhkəməyə gətiriblər. Hər iki qolu iflic olan ictimai fəal cibindən narkotik tapılması barədə ittihamı rədd edib. Xəlilov məhkəmədə qeyd edib ki, o, hakimiyyəti tənqid etdiyi üçün şərlənərək həbs olunub.

"Famili məhkəməyə Penitensiar Xidmətin əməkdaşları gətirmişdilər, onlar həkim deyillər və onunla necə davranacaqlarını bilmirlər. Məhkəmədə onun halı pisləşdi, ümumiyyətlə, səhhəti olduqca pisdir. O, müstəqil şəkildə hərəkət edə bilmir, ehtiyaclarını təmin edə bilmir. Biz onun həbs qətimkan tədbirindən şikayət verdik, lakin məhkəmə şikayətimizi və vəsatətlərimizi qəbul etmədi" - deyə, vəkil bildirib.

Vəkil fəalın ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verəcəklərini deyib.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, mayın 2-də Bakının Sulutəpə qəsəbəsində kirayədə yaşadıqları evə mülki geyimli şəxslər gəlib.

"Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim etdilər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, evdə həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də adamlar var idi".

Fəalın həyat yoldaşı qeyd edib ki, bütün evi axtarandan sonra polis əməkdaşları Xəlilovu aparıblar.

"Famili sürüyərək evdən həyətə çıxartdılar. Ondan sonra yenidən apardılar evə, özləri də video çəkiliş edirdilər. Yoldaşıma "qalx ikinci mərtəbəyə" deyəndə, qayıtdı ki, mən 8 aydır bu evdəyəm, 1 dəfə də bu piləkəni qalxmamışam, çünki pilləkənləri çıxa bilmirəm. Onlar yoldaşımı yuxarı qaldırıblar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu, bizə aid deyil".

Fəalın həyat yoldaşı bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Məsələyə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG