Accessibility links

Hüquq müdafiəçiləri Avropa Birliyinin Bakı ofisində əlil ictimai fəalın ağır durumunu müzakirə edib


Rüfət Səfərov, Kiçikxanım Xəlilova və Fuad Həsənov.
Rüfət Səfərov, Kiçikxanım Xəlilova və Fuad Həsənov.

“Həbsdə olan 1-ci qrup əlil, ictimai fəal Famil Xəlilovin səhhəti kəskin pisləşib. Onun səhhəti həddindən artıq təhlükəli bir mərhələyə gəlib”.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib

Bu gün, iyunun 5-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov, hüquq müdafiəçisi Fuad Həsənov və Famil Xəlilovun həyat yoldaşı Kiçikxanın Xəlilova Avropa İtiifaqının Bakı nümayəndəliyində ittifaqa üzv dövlətlərin Azərbaycandakı bəzi səfirliklərinin insan haqları üzrə diplomatları ilə görüşüb.

Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, görüşdə Almaniya, Fransa, Niderland və Avropa Birliyinin Bakı ofisinin diplomatları iştirak edib.

“Biz Famil Xəlilovun qanunsuz həbsini, onun şərlənməsini diqqətə çatdırdıq. Həmçinin Famil Xəlilovun qollarının iflic olmasını, əllərində və qulaqlarının arxa hissəsində hazırda çürümə getdiyini bildirdik. Xahiş etdik ki, Avropa Birliyinin Bakı ofisi, həmçinin Avropa Birliyinə daxil olan dövlətlərin səfirləri Azərbaycanın xarici siyasət idarəsi və Prezident Administraslyası ilə görüşüb humanitar qaydada Famil Xəlilovun məsələsini ciddi müzakirə etsinlər”, o qeyd edib.

Hüquq müdafiəçisi görüşün nəticəsindən razıdır.

“Ümid edək ki, Avropa Birliyinin Bakı ofisinin rəhbərliyi və Avropa Birliyinə üzv ölkələrin səfirləri bu məsələyə ciddi yanaşacaq. Yaxın zamanda Famil Xəlilov ən azı ev dustaqlığına buraxılacağına ümid edirik”, Səfərov Amerikanın Səsinə deyib.

Hüquq müdafiçisi bildirib ki, görüşdə ölkədəki “insan haqlarının cari durumu, repressiv mühit, siyasi ağırlıqlı həbslər” də əsas müzakirə mövzusu olub.

Penitensiar Xidmətdən Xəlilovun səhhəti ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəalın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Fəalın həyat yoldaşı bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Forum

XS
SM
MD
LG