Accessibility links

Ombudsmanın nümayəndələri həbsdə olan jurnalist Hafiz Babalı ilə görüşüb


Hafiz Babalı
Hafiz Babalı

Mayın 2-də Ombudsman Aparatının bir qrup nümayəndəsi 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Hafiz Babalı ilə görüşüb. Bu barədə Amerikanın Səsinə Hafiz Babalının ailəsindən bildiriblər.

“Hafiz Babalı həbsinin siyasi sifariş olduğunu və jurnalist fəaliyyətini uzun müddət əngəlləmək məqsədi daşıdığını, dekabrın 13-dən bəri demək olar ki, heç bir istintaq hərəkətinin aparılmadığını diqqətə çatdırıb. Jurnalist vurğulayıb ki, Cinayət Məcəlləsinin 32 (İştirakçılığın növləri), 33 (Cinayətin iştirakçılarının məsuliyyəti) və 34-cü (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi) maddələrinin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarının mahiyyətinə görə ittihamın ziddinə olaraq o, əlbir olan bir qrupun üzvü sayıla bilməz. Görüşdə o, səhhətindəki ciddi problemlərə operativ tibbi müdaxilənin zəruri olduğunu, müvafiq instansiyaların nəzərinə çatdırılmasını xahiş edib. Ombudsman Aparatının təmsilçiləri qeydlər aparıblar və qaldırılan məsələləri araşdıracaqlarını söyləyiblər”, jurnalistin ailəsindən bidiriblər.

Xatırladaq ki, qaçaqmalçılıqla sərhəddən valyuta keçirməkdə ittiham olunan jurnalist Hafiz Babalı aprelin 20-də Baş prokurora, daxili işlər nazirinə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə və ombudsmana müraciət edib.

Jurnalist hesab edir ki, həbs edilməsi üçün hər hansı qanuni əsas yoxdur.

Müraciətdə vurğulanır ki, "müstəntiq Toğrul Hüseynov və prokuror Mobil Şəfiyev Hafiz Babalının qondarma qaçaqmalçılıq işində heç bir əməlinin olmadığını bilə-bilə onun həbs edilməsinə, daha sonra isə həbs müddətinin uzadılmasına nail olublar". Bu səbəbdən o, müstəntiq və prokurora qarşı xidməti araşdırmaya başlanmasını və ona münasibətdə cinayət işinə xitam verilməsini tələb edir.

Ombudsman Aparatı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Hafiz Babalı Bakı İstintaq Təcridxanasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun üzvləri tərəfindən konfidensial qaydada qəbul edilib, müraciəti qəbul olunub.

"Eyni zamanda, müraciətlə də bağlı Baş Prokurorluğa, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə və Penitensiar Xidmətə sorğular göndərilib. Müraciət icraatdadır, nəticəsi barədə ona məlumat veriləcək", Ombudsan Aparatının rəsmi nümayəndəsi qeyd edib.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Martın 7-də jurnalist Hafiz Babalı barədə seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə indiyədək 8 əməkdaş saxlanılıb.

Saxlabılanların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Hüquq müdafiə təşkilatları jurnalistləri siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq media müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti, senatorlar və konqresmenlər Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG