Accessibility links

AŞPA Komitəsi rusiyalı siyasətçi Vladimir Kara-Murzanın həbsində məsul olan şəxslərə qarşı sanksiyalara çağırır


Vladimir Kara-Murza, 25 il həbsə məhkum edilən rusiyalı müxalif siyasətçi
Vladimir Kara-Murza, 25 il həbsə məhkum edilən rusiyalı müxalif siyasətçi

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi rusiyalı müxalif lider Vladimir Kara-Murzanın həbsində rolu olan şəxslərə qarşı “Maqnitski qanunvericiliyi” çərçivəsində sanksiyaların tətbiq edilməsinə çağırıb.

Komitə sanksiya tətbiq edilməsi üçün rusiyalı hakimlər, prokurorlar, hüquq-mühafizə orqanları əməkdaşları, məmurlar və digər şəxslərdən ibarət 45 nəfərlik siyahı hazırlayıb.

Qətnamə layihəsində Komitə Avropa İttifaqını və hədəfli sanksiyalarla bağlı qanunvericiliyə malik olan bütün dövlətləri Vladimir Kara-Murzaya qarşı təqib və pis rəftardan, habelə Aleksey Navalnının ölümündən bilavasitə məsul olan şəxsləri sanksiya siyahılarına daxil etməyə çağırıb.

AŞPA Komitəsi həmçinin üzv ölkələri “Maqnitski qanunvericiliyi”nə oxşar milli qanunvericilik qəbul etməyə, Rusiya ilə məhbusların mübadiləsi ilə bağlı danışıqlar aparan bütün dövlətləri bu cür mübadilələrə Vladimir Kara-Murzanı da cəlb etməyə çağırıb.

Parlamentarlar Rusiya hakimiyyətini Vladimir Kara-Murzanı və siyasi motivlərlə həbs edilən digər fəalları dərhal azad etməyə çağırıblar.

“Kara-Murza siyahısı”nda olan şəxslərin sanksiya edilməsi ilə bağlı hesabat AŞPA-nın aprel ayında baş tutacaq yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Putin hakimiyyətinin kəskin tənqidçilərindən olan Kara-Murza 2015-ci ildə Moskvada öldürülən müxalifət lideri Boris Nemtsovun yaxın tərəfdaşlarından biri olub. Onun özü də 2015 və 2017-ci illərdə zəhərlənmə əlamətləri ilə xəstələnib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxan Vladimir Kara-Murza 2022-ci ilin aprelində saxlanılıb. Ötən il aprelin 17-də Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, Rusiya ordusu barədə “saxta məlumat yaymaqda” və “arzuolunmaz” təşkilatın fəaliyyətində iştirakda ittiham edərək 25 il həbsə məhkum edib.

Aİ ötən ilin iyununda İttifaqın “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” çərçivəsində Rusiyanın ədliyyə nazirinin müavini də daxil olmaqla, Kara-Murzanın saxlanılmasında, məhkəmə prosesində iştirak edən 9 nəfərə sanksiya tətbiq edib. Həmin şəxslərə daha əvvəl ABŞ, o cümlədən Böyük Britaniya və Kanada tərəfindən də sanskiya irəli sürülüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG