Avropa Parlamenti rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini pisləyən qətnamə qəbul edib. Qətnamədə Kara-Murzanın, habelə, Aleksey Navalnının həbsinin siyasi motivli olduğu qeyd edilir, onların hər ikisinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırılır.
Böyük səs çoxluğu ilə qəbul edilən qətnamədə parlamentarilər Rusiyada insan haqları pozuntularının artmasını, hökuməti tənqid edənlərə, insan haqları müdafiəçiləri və müstəqil jurnalistlərə qarşı repressiyaları pisləyirlər.
Parlamentin Fransadan olan deputatı Fabiyen Keller Amerikanın Səsinə müsahibəsində Rusiya hökumətinin tənqidi səsləri boğmaq üçün qəbul etdiyi qanunların qəbuledilməz olduğunu deyib.
"İfadə azadlığı Avropa İttifaqının önəmli dəyərlərindən biridir. Mətbuat və media azad olmalı, insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər. Vladimir Putinin Rusiyada müxalifəti və tənqidçilərini susdurmaq üçün gördüyü tədbirlər Avropa İttifaqının dəyərlərinə və Avropa İnsan Haqları Konvensiyasına ziddir. Məhz bu ruhda biz çox böyük səs çoxluğu ilə fundamental prinsiplərimiz olan mətbuat azadlığına və demokratiyaya hücumları pisləyən qətnamə qəbul etdik", Fransalı deputat qeyd edib.
Parlamentin qətnaməsi Avropa İttifaqını Rusiyada siyasi təqiblərdə, siyasi motivli məhkəmələrdə, işgəncə və həbslərdə məsul olan şəxslərə, hakim və prokurorlara qarşı sərt sanksiyalar tətbiq etməyə çağırır. Avropalı deputatlar BMT-nin İnsan Hüquqları Şurasına səslənərək Rusiyada qeyri-insani həbslər, işgəncələr və siyasi opponentlərin öldürülməsi aktları ilə bağlı dərhal araşdırma aparılmasını istəyir.
Ötən il AŞPA-nın Vaslav Havel insan hüquqları mükafatına layiq görülən Vladimir Kara-Murza aprelin 17-si dövlətə xəyanətdə və Rusiya ordusu barədə saxta məlumat yaymaqda ittiham edilərək 25 il həbsə məhkum edilib. ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələr, beynəlxalq təşkilatlar Kara-Murzanın həbsini pisləyib, onun dərhal azad edilməsinə çağırıblar.
Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarova Kara-Murza ilə bağlı verilən bəyanatların “Rusiyanın daxili işinə müdaxilə” və “Rusiyanın azad məhkəmələrinə təzyiq” olduğunu deyib.