Avropa Şurası Nazirlər Komitəsinin sədri, İslandiyanın Xarici İşlər Naziri Tordis Kolbrun Reykfyord Gilfadottir, Avropa Şurası Parlament Assambleyasının sədri Tini Kox və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç yaydıqları birgə bəyanatda Aleksey Navalnının səhhəti ilə bağlı dərin narahatlıq ifadə ediblər.
“Zəhərlənərək həyatına qəsd edilməsindən sonra iki ildən artıqdır Rusiyada həbsdə olan Aleksey Navalnının səhhətinin sürətlə pisləşməsi ilə bağlı xəbərlərdən dərin narahatlığımızı bildiririk. Aleksey Navalnının məruz qaldığı pis rəftar və qəddar həbs şəraiti ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur. Biz Rusiyanı dərhal müvafiq tibbi yardım göstərməyə çağırırıq,” bəyanatda bildirilir.
Avropa Şurası liderləri Rusiya hakimiyyətinin Navalnını dərhal azad etməsinə dair çağırışlarını təkrarlayıblar.
“Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarına, eləcə də Nazirlər Komitəsinin qərardadlarına uyğun olaraq, biz cənab Navalnının dərhal azad edilməsinə çağırır, Rusiyanın Avropa Məhkəməsinin bütün yekun qərarlarını tam icra etməklə bağlı qeyd-şərtsiz öhdəliyini bir daha vurğulayırıq,” bəyanatda qeyd edilir.
Navanlının sözçüsü Kira Yarmışın məlumatına görə, o, naməlum mədə xəstəliyindən əziyyət çəkir və son iki həftədə 8 kiloqram çəki itirib. Navanlının vəziyyəti pisləşdiyinə görə ötən həftə həbsxanaya təcili yardım çağırılıb. “İstisna etmirik ki, Aleksey Navalnı yavaş-yavaş zəhərlənir, yavaş-yavaş öldürülür ki, daha az diqqəti cəlb etsin,” Yarmış Twitter-də yazıb.
Navalnının yavaş-yavaş zəhərləndiyinə dair iddialarla bağlı suala Kreml onun səhhətinin vəziyyətini izləmədiyini və bunun federal penitensiar xidmətinin işi olduğunu bildirib.