Accessibility links

Aİ və Avropa Şurası rusiyalı müxalifət lideri Vladimir Kara-Murzanın həbsini pisləyib


Avropa Şurası Baş katibi rusiyalı müxalif lideri Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini pisləyib.

“Rusiya müxalifətinin lideri Vladimir Kara-Murzanın saxta məhkəmədən sonra 25 il həbs cəzasına məhkum edilməsini qətiyyətlə pisləyirəm. Cənab Kara-Murza bir il əvvəl Rusiyanın Ukraynaya qarşı amansız təcavüzündən danışdığına görə həbs edilib və mühakimə olunub” , bəyanatda bildirilir.

Baş katib Mariya Peyçinoviç Buriç bu həbsi Rusiya Federasiyasında davam edən repressiyaların növbəti nümunəsi olduğunu qeyd edib.

“Rusiyanın tənqidçiləri susdurmaq cəhdlərinə baxmayaraq, onların səsi bütün dünyada eşidilir və unudulmayacaq. Avropa Şurası cənab Kara-Murza ilə tam həmrəydir və onun dərhal azad edilməsinə çağırır” , bəyanatda vurğulanır.

41 yaşlı müxalif siyasətçi, Kremlin açıq tənqidçisi Vladimir Kara-Murza ötən ilin aprelində Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhinə danışdığı üçün həbs edilib. Bazar ertəsi Moskva məhkəməsi onu dövlətə xəyanətdə, Rusiya silahlı qüvvələri barədə “bilərəkdən saxta məlumat yaymaqda” günahkar bilərək 25 il həbs cəzasına məhkum edib.

Avropa İttifaqı da bəyanat yayaraq Kara-Murzanın həbs edilməsini qınayıb və Rusiyanı siyasi repressiyaları dayandırmağa, bütün siyasi məhbusları azad etməyə çağırıb.

“Bugünkü hədsiz dərəcədə sərt məhkəmə qərarı bir daha fəallara, hüquq müdafiəçilərinə və Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsinə qarşı çıxan istənilən səslərə təzyiq etmək üçün məhkəmə sistemindən siyasi sui-istifadəni açıq şəkildə nümayiş etdirir. Biz Rusiyanı siyasi motivli ittihamlarla həbs olunanların hamısını dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Biz, həmçinin Rusiyanı öz təzyiqçi qanunvericiliyini, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında doğru məlumatı senzuraya salan qanunları və yalnız vətəndaş cəmiyyəti və müstəqil səsləri boğmaq üçün istifadə edilən qondarma “xarici agentlər” və “arzuolunmaz təşkilatlar” haqqında qanunları ləğv etməyə çağırırıq” , bəyanatda qeyd edilir.

Rusiya ilə yanaşı Böyük Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın həbsi Böyük Britaniya hökuməti tərəfindən də pislənib. Qərara etiraz olaraq Rusiyanın bu ölkədəki səfiri Böyük Britaniyanın Xarici İşlər İdarəsinə çağırılıb.

“Böyük Britaniya cənab Kara-Murzanın məhkum edilməsini Rusiyanın insan hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı beynəlxalq öhdəliklərinə zidd hesab edir. Böyük Britaniya artıq məhkəməyə sədrlik edən hakimə insan haqlarının pozulmasında iştirak etdiyinə görə sanksiya tətbiq edib və Vladimir Kara-Murzanın saxlanmasında və pis rəftarda iştirak edənlərin məsuliyyətə cəlb edilməsi üçün əlavə tədbirləri nəzərdən keçirəcək” , Böyük Britaniya hökumətinin bəyanatında deyilir.

Bu ilin mart ayında ABŞ Vladimir Kara-Murzanın həbsi, mühakiməsi və ya zorakılıq edilməsində əli olduğunu bildirdiyi altı rusiyalıya sanksiya tətbiq edib.

XS
SM
MD
LG