Accessibility links

Avropa İttifaqı rusiyalı müxalif siyasətçinin həbsindən məsul olan şəxslərə sanksiya tətbiq edib


Avropa İttifaqı rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın həbsindən məsul olan şəxslərə qarşı sanksiya tətbiq edib. İttifaqın “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” çərçivəsində hədəf alınan şəxslər Rusiyanın Ədliyyə Nazirinin müavini də daxil olmaqla Kara-Murzanın saxlanılmasında, məhkəmə prosesində iştirak edən 9 nəfərdir.

İttifaqın Xarici İşlər üzrə Ali Nümayəndəsi Cozep Borrell Kara-Murzanın həbsini pisləyib və Rusiyanı siyasi motivli ittihamlarla həbs olunan hər kəsi dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

“Vladimir Kara-Murzaya verilən hədsiz dərəcədə sərt həbs cəzası Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsinə qarşı çıxan vətəndaş cəmiyyətini və müstəqil səsləri boğmaq üçün məhkəmə sistemindən siyasi sui-istifadəni açıq şəkildə nümayiş etdirir. Bugünkü sanksiya qərarı Avropa İttifaqının həqiqəti deyərək insan haqları uğrunda mübarizə apardıqlarına görə mühakimə olunan, həbs olunan və ya qorxudulan hər kəslə həmrəy olmaq əzmini bir daha nümayiş etdirir”, Aİ baş diplomatı qeyd edib.

Avropa İttifaqının 2020-ci ildə qəbul etdiyi, ABŞ-ın Qlobal Maqnitski Aktının analoqu olan “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” beynəlxalq səviyyədə insan hüquqları pozuntularına görə tətbiq edilir. Vladimir Kara-Murzanın həbsində iştirak edən şəxslər daha əvvəl ABŞ, o cümlədən Böyük Britaniya və Kanada tərəfindən sanskiya edilib.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiyada daxili repressiyaları gücləndirdiyini, söz və media azadlığını kəskin şəkildə məhdudlaşdırdığını deyib. İttifaq Rusiyada insan haqlarının vəziyyətinin pisləşməsinin davam etməsindən narahatlığını ifadə edib və tənqidi səslərə qarşı davamlı repressiyaları pisləyib.

Putin hakimiyyətinin açıq tənqidçilərindən olan Kara-Murza 2015-ci ildə Moskvada öldürülən müxalifət lideri Boris Nemtsovun yaxın tərəfdaşlarından biri olub. Onun özü də 2015 və 2017-ci illərdə zəhərlənmə əlamətləri ilə xəstələnib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxan Vladimir Kara-Murza ötən ilin aprelində saxlanılıb. Bu il aprelin 17-si Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, Rusiya ordusu barədə saxta məlumat yaymaqda və “arzuolunmaz” təşkilatın fəaliyyətində iştirak etdiyi üçün 25 il həbsə məhkum edib.

XS
SM
MD
LG