İki həftədən az bir müddət əvvəl, aprelin 17-si Moskva Şəhər Məhkəməsi rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanı dövlətə xəyanətdə, Rusiya ordusu barədə saxta məlumat yaymaqda və “arzuolunmaz” təşkilatın fəaliyyətində etdiyi üçün 25 il həbsə məhkum edib. Putin hakimiyyətinin və onun Ukraynadakı müharibəsinin sərt tənqidçilərindən Kara-Murza müharibənin başlamasından bəri həbs edilən rusiyalı müxalif fiqurlar arasında ən çox həbs cəzası alan şəxsdir.
AŞPA-nın yaz sessiyasına qatılmaq üçün Strasburqda olan Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza Amerikanın Səsinə müsahibəsinə deyir ki, bugünkü Rusiyada rəsmi mövqeyə qarşı çıxmağa cəsarət edən hər kəs rejim tərəfindən ya cinayətkar, ya xarici agent, ya casus, ya da satqın kimi göstərilir.
Yevgeniya Kara-Murza: “Rusiyada ilk dəfədir ki, bir şəxs 25 illik cəzaya məhkum edilir. Ərimin həbsinə səbəb onun Ukraynadakı müharibəni və rejimin cinayətlərini pisləməsi, Rusiyada insan haqlarının pozulmasını, medianın total senzurasını qınamasıdır. Onun bütün çıxışları açıq olub, həm Rusiyanın, həm də rus xalqının maraqlarına cavab verib. Amma özünü ölkə ilə eyniləşdirən rejim təbii ki, buna xəyanət kimi baxır. Bu, təkcə mənim ərimə qarşı deyil, bugünkü Rusiyada rəsmi mövqeyə qarşı çıxmağa cəsarət edən hər kəs rejim və hakimiyyət tərəfindən ya cinayətkar, ya xarici agent, ya casus, ya da satqın kimi göstərilir”.
Amerikanın Səsi: O, mətbuatda yayılan məhkəməyə son sözündə onu günahlandırdıqları hər sözün arxasında durduğunu, buna görə nəinki peşman olduğunu, hətta fəxr etdiyini deyib. Siz Vladimir Kara-Murza ilə sonuncu dəfə nə vaxt danışmısınız? Ötən il həbs edildikdən sonra əlaqə qura bilmisinizmi?
Yevgeniya Kara-Murza: “Onunla sonuncu dəfə keçən ilin aprelində danışmışdım, ona görə də o vaxt həbsxana məsələlərini müzakirə etmirdik. Nə mən, nə də uşaqlarımız onu bir ildən artıqdır görməyib, danışmamışıq. Əslində, Vladimir uzun müddətdir ki, uşaqları ilə telefon danışığı etmək hüququna sahib olmaq üçün mübarizə aparır. O, bu hüququndan iki dəfə məhrum edilib. İlk olaraq hakimiyyət iddia edirdi ki, bu cür söhbətlər ona qarşı cinayət işində lazımi hüquqi prosesə hansısa formada mane ola bilər. İkinci dəfə isə uşaqları ABŞ-da yaşadığı üçün telefonla danışa bilməyəcəyini deyiblər. Düşünürəm ki, hakimiyyət söhbət zamanı hansısa dövlət sirlərinin sızdırıla biləcəyinə eyham vurmağa çalışır. Amma düzünü desəm, bu, sadəcə olaraq, psixoloji işgəncədir. Ən pis halı deyil, çünki biz Rusiyada dəmir barmaqlıqlar arxasında olan insanların hər gün nə ilə üzləşdiyini bilirik. Psixoloji təzyiqin müxtəlif formaları rejimin insanların qətiyyətini sındırmaq üçün istifadə etdiyi mexanizmlərdən biridir.
Bilirəm ki, Vladimirin bu həbsə baxışı mənim baxışımla eynidir. Bu, hakimiyyətin ondan, onun səmərəli işindən, demokratik dünyanın görmək istədiyi Rusiyanın siması olmasından nə qədər qorxduğunun etirafıdır. Bu, alternativdir. Bizə tez-tez sual verirlər ki, Vladimir Putinə alternativ nədir? Bəli, alternativ budur. Mənim ərim kimi Rusiyanın daha yaxşıya layiq olduğuna inanan çox adam var. Müharibəyə etirazını bildirən, Putin rejiminə qarşı çıxan, ölkəmiz üçün fərqli gələcək istəyənlər çoxdur və Vladimir də bu insanlardan biridir. Bu alternativdir. Və mən hesab edirəm ki, ərimə 25 il sərt rejimli həbs cəzası verməklə, Rusiya hakimiyyəti öz gələcəklərinə həddindən artıq optimist yanaşır. Onların 25 il mövcud olacağına inanmıram. Görünür, onlar bunun mümkün olacağına inanırlar. Çox qəribə, çox qəribə və tamamilə əsassız nikbinlik”.
Amerikanın Səsi: ABŞ, Böyük Britaniya kimi ölkələr Vladimir Kara-Murzanın həbsində məsul olan şəxslərə qarşı sanksiyalar tətbiq edib. Ötən həftə Avropa Parlamenti Avropa İttifaqını bu cür şəxsi sanksiyalar tətbiq etməyə çağırıb. AŞPA-da da bu fikirləri səsləndirənlər var. Bu barədə nə deyə bilərsiniz?
Yevgeniya Kara-Murza: “Mən bu təşəbbüsü alqışlayaram. Həyat yoldaşımın qanunsuz təqibində və həbsində iştirak edənlərə qarşı bu cür sanksiyalar artıq Kanada, ABŞ, Böyük Britaniya və Latviya tərəfindən tətbiq edilib. Mən Avropa İttifaqı səviyyəsində bu cür sanksiyaların olmasını alqışlayaram. Çünki, məsələn, Vladimirin işində qanunsuz həbsində iştirak edən 36 nəfər arasında iki nəfər var ki, onlar 2009-cu ildə Moskva həbsxanasında Sergey Maqnitskinin ölümündə şəxsən məsuliyyət daşıyırlar. Bu şəxslər hakim Podopriqorov və Vladimirin saxlanıldığı istintaq təcridxanasının rəhbəri Dmitri Komnovdur. Onlar Sergey Maqnitskinin ölümündə şəxsən məsuliyyət daşıdıqları üçün bir çox ölkələr, o cümlədən Böyük Britaniya və ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Sergey Podopriqorov 2008-ci ildə Sergey Maqnitskini qanunsuz həbsə məhkum edən hakim, Dmitri Komnov isə Sergeyin saxlandığı istintaq təcridxanasının rəisi olub. Sergeyə işgəncə verilməsini əmrini verən və onun tibbi yardım göstəriliməsinin qarşısını alan Komnov olub. Və nəticədə Sergey həyatını itirib.
Beləliklə, bu şəxslər bir sıra ölkələr tərəfindən sanksiyaya məruz qalsa da, Avropa İttifaqı onlara qarşı sanksiya tətbiq etməyib. Onlar hələ də bütün bu Avropa ölkələrinə sərbəst səyahət edə və azad dünyanın öz vətəndaşlarına təmin etdiyi imtiyazlardan istifadə edə bilərlər. Digər tərəfdən onlar hələ də Rusiya vətəndaşlarının hüquqlarını pozurlar, illər əvvəl Sergey Maqnitskiyə qarşı törətdikləri cinayətlərə oxşar cinayətlər törətməkdə davam edirlər. Biz əminik ki, sanksiyalar effektivdir və onları narahat edir. Dəqiq bilirik ki, hakim Podopriqorov bir neçə il əvvəl bu sanksiyaların götürülməsi üçün çox bahalı Britaniya-Avstraliya hüquq firmasının xidmətlərindən istifadə edib. Külli miqdarda pul xərcləməsinə baxmayaraq, onun cəhdləri uğursuz olub. Ona görə də mən ərimin işi üzrə günahkarlara qarşı Avropa İttifaqının da sanksiyalar qəbul etməsini alqışlayaram”.
Putin hakimiyyətinin açıq tənqidçilərindən olan Kara-Murza 2015-ci ildə Moskvada öldürülən müxalifət lideri Boris Nemtsovun yaxın tərəfdaşlarından biri olub. Onun özü də 2015 və 2017-ci illərdə zəhərlənmə əlamətləri ilə xəstələnib. Vladimir Kara-Murza ötən il həbsdə olarkən AŞPA-nın Vaslav Havel insan hüquqları mükafatına layiq görülüb. AŞPA liderləri yaz sessiyasının ilk günü keçirilən xüsusi tədbirdə Kara-Murzanın və digər siyasi məhbusların azad edilməsinə çağırıb.
Avropa Şurası ötən il Rusiyanı Ukraynaya qarşı müharibəyə görə təşkilatdan xaric etsə də, Rusiyada insan haqları müdafiəçilərini, demokratik qüvvələri, azad medianı və müstəqil vətəndaş cəmiyyətini dəstəkləməyə və onlarla əməkdaşlıq etmək üçün təşəbbüslərə davam edəcəyini deyib.