Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyası çərçivəsində Rusiya və Belarusdakı siyasi məhbuslarla həmrəylik nümayiş etdirən tədbir keçirilib. AŞPA liderləri rusiyalı müxalif siyasi lider Vladimir Kara-Murzanın 25 il həbs cəzasına məhkum edilməsini, Rusiyada və Belarusda siyasi repressiyaları pisləyiblər.
AŞPA Prezidenti Tini Koks bildirib ki, sivil cəmiyyətlərdə siyasi məhbus olmamalıdır və siyasətçilərin öz fikirlərini ifadə etdiklərinə görə həbs edilməsi qəbuledilməzdir.
“Biz bunun Rusiyada baş verdiyini bir həftə əvvəl Vladimir Kara-Murza həqiqəti söylədiyi üçün 25 il həbs cəzasına məhkum ediləndə gördük. Bu, Rusiya hakimiyyətinin biabırçı qərarıdır. Bu gün bu tədbiri keçiririk ki, Avropa Şurasının, bütün siyasi qrupları ilə AŞPA-nın Vladimir Kara-Murza və digər siyasi məhbusların dərhal azad edilməsi çağırışını qətiyyətlə dəstəklədiyini ifadə edək. Ümid edirəm Rusiya hakimiyyətinə çağırışımız onlara öz milli və beynəlxalq öhdəliklərinə zidd hərəkət edənlərin cəzasız qalmayacağını anlamağa kömək edəcək”, AŞPA Prezidenti vurğulayıb.
Tədbirdə Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza, habelə həbsdə olan belaruslu Nobel Sülh Mükafatı laueratı Ales Bialiatskininin xanımı Nataliya Pinçuk iştirak edib.
Amerikanın Səsinə danışan Yevgeniya Kara-Murza qeyd edib ki, uzunmüddətli həbs cəzası Rusiya hakimiyyətinin Vladimir Kara-Murzadan nə qədər qorxduğunun etirafıdır.
"Bugünkü Rusiyada rəsmi mövqeyə qarşı çıxmağa cəsarət edən hər kəs rejim və hakimiyyət tərəfindən ya cinayətkar, ya xarici agent, ya casus, ya da satqın kimi göstərilir. Bilirəm ki, Vladimirin bu həbsə baxışı mənim baxışımla eynidir. Bu, hakimiyyətin ondan, onun səmərəli işindən, demokratik dünyanın görmək istədiyi Rusiyanın siması olmasından nə qədər qorxduğunun etirafıdır. Bizə tez-tez sual verirlər ki, Vladimir Putinə alternativ nədir? Bəli, alternativ budur. Müharibəyə etirazını bildirən, Putin rejiminə qarşı çıxan, ölkəmiz üçün fərqli gələcək istəyənlər çoxdur və Vladimir də bu insanlardan biridir", Yevgeniya Kara-Murza deyib.
AŞPA-nın Vaslav Havel insan hüquqları mükafatının laureatı Vladimir Kara-Murza Putin Rusiyasının Ukraynaya qarşı müharibəsini tənqid etdiyi üçün ötən il həbs edilib. Aprelin 17-si Moskva Şəhər Məhkəməsi onu dövlətə xəyanətdə və Rusiya ordusu barədə saxta məlumat yaymaqda ittiham edərək 25 il həbs cəzasına məhkum edib.
ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələr qərarı pisləyib və Kara-Murzanın dərhal azad edilməsinə çağırıblar. Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarova verilən bəyanatların "Rusiyanın daxili işinə müdaxilə" olduğunu deyib.
Avropa Parlamenti ötən həftə qəbul etdiyi qətnamə ilə Kara-Murzanın, habelə digər siyasi məhbusların dərhal azad edilməsinə, siyasi təqiblərdə, həbs və işgəncələrə görə məsuliyyət daşıyan şəxslərə Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilməsinə edilməsinə çağırıb.