Accessibility links

Azərbaycan Tayvanda keçirilən seçkiləri pisləyən açıqlama yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Tayvanda keçirilmiş seçkilərlə əlaqədar mətbuat açıqlamasında Azərbaycanın vahid Çin siyasətini dəstəklədiyini bildirib.

“Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir. Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, nazirliyin açıqlamasında qeyd edilir.

Yanvarın 13-də Tayvanda ada administrasiyasının rəhbəri və qanunverici yuan (ən yüksək qanunverici orqan) üzvləri üçün seçkilər keçirilib. Hakim partiyanın namizədi Lai Çinqde (Uilyam Lai) Tayvanda prezident seçkilərində qalib gəlib.

Çin Xarici İşlər Nazirliyi və ölkənin dünya ölkələrindəki səfirlikləri bu həftə sonu ölkələrə Tayvanın Demokratik Tərəqqi Partiyasını (DPP) dəstəkləməmək barədə xəbərdarlıq edib və adanın prezidenti seçilmiş Lai Çinqdeni təbrik edən xarici hökumətləri qınayıb.

1949-cu ildə Çində Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkədə rəhbərlik Çin Kommunist Partiyasının əlinə keçib. Hakimiyyəti ələ keçirən Çin Kommunist Partiyasının lideri Mao Tsedun ölkədə idarəçiliyi dəyişdirib.

Beləliklə hakimiyyəti itirən Çin Milliyətçi Partiyasının rəhbəri Chiang Kai Shek Tayvan adasına köçüb. Burada Çin Xalq Respublikasından asılı olmayan bir idarəçilik qurub.

Hazırda Tayvan Çindəki kommunist rejiminə qarşı silahlı müqavimət mövqeyindədir. Çin Xalq Respublikası isə Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab edir.

Son dövrlər Tayvan məsələsi ətrafında gərginlıik daha da artıb. Belə ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfəri Çinlə ABŞ arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olub.

ABŞ prezidenti Co Bayden 2023-cü il noyabrın 12-də Asiya-Sakit Okean ölkələrinin liderlərinin toplaşdığı San-Fransisko yaxınlığında Çin Prezidenti Şi Tsinpinlə görüşüb.

Çin liderini hələ də “diktator” kimi gördüyünü deyən Bayden hərbi əlaqələri bərpa etmək, süni intellektin yaratdığı təhdidləri qiymətləndirmək üçün birlikdə işləmək və fentanil bəlası ilə mübarizə aparmaq üçün əhəmiyyətli addımlar atmaq barədə razılığa gəldiklərini bildirib.

Çin Xarici İşlər Nazirliyi bu il yanvarın 1-də bildirib ki, Çin prezidenti Şi Tsinpin və ABŞ prezidenti Co Bayden iki ölkə arasında diplomatik münasibətlərin 45-ci ildönümü münasibətilə bir-birini təbrik edib.

Nazirliyin bəyanatında deyilir ki, Şi Tsinpin mesajında qeyd edib ki, hər iki ölkə “təlatümlərə tab gətirib və ümumilikdə irəliyə doğru gedib” və bu, xalqlarının rifahını yaxşılaşdırıb, bütün dünyada sülh, sabitlik və firavanlığa töhfə verib.

Pentaqon isə yanvarın 10-da bildirib ki, Birləşmiş Ştatlar və Çin Vaşinqtonda iki gün davam edən hərbi danışıqlar aparıb. Bu, iki ölkə hərbi ələaqələri bərpa etməyə razılaşandan sonra ilk görüş olub.

Forum

XS
SM
MD
LG