ABŞ prezidenti Co Bayden çərşənbə günü Asiya-Sakit Okean ölkələrinin liderlərinin toplaşdığı San-Fransisko yaxınlığında Çin Prezidenti Şi Tsinpinlə görüşüb. Çin liderini hələ də “dictator” kimi gördüyünü deyən Bayden hərbi əlaqələri bərpa etmək, süni intellektin yaratdığı təhdidləri qiymətləndirmək üçün birlikdə işləmək və fentanil bəlası ilə mübarizə aparmaq üçün əhəmiyyətli addımlar atmaq barədə razılığa gəldiklərini bildirib.
Pekin və Vaşinqton arasında 12 aylıq gərgin drama və diplomatiyadan sonra Şərq və Qərb arasında tarixi görüş baş tutdu.
Ağ Ev görüş üçün simvolik olaraq San-Fransiskodan kənarda yer seçib. Görüş zamanı Çinin iddialı olduğu, özünü idarə edən ada olan Tayvan, hərbi kommunikasiyaların bərpası, kəskin ticarət mübahisələri və fentanilin tərkib hissələrinin Çində mənşəyi və insan hüquqları problemləri kimi bir sıra mühüm məsələlər müzakirə edilib.
Bayden bu çətin məsələlərdə səmimi olduğunu bildirib.
Şi Tsinpin iki ölkənin ayrılmaz şəkildə bağlı olduğunu deyib.
Şi Tsinpin, Çin Xalq Respublikasının lideri
“Çin və ABŞ kimi iki böyük ölkə üçün bir-birlərinə arxa çevirmək seçim deyil. Bir tərəfin digərini dəyişməsi real deyil. Və münaqişə və qarşıdurmanın hər iki tərəf üçün dözülməz nəticələri var”.
Dünyanın iki ən güclü ölkəsinin prezidentləri münasibətlərindəki çatları aradan qaldıra bildilərmi?
Bayden daha sonra mətbuata açıqlama verdi. Şi Tsinpin adəti üzrə bunu etmədi.
ABŞ prezidenti Co Bayden
“Mən bu gün atdığımız müsbət addımları alqışlayıram. Və dünyanın bu yanaşmanı Amerika diplomatiyasının ən yaxşı ənənələrinə uyğun olaraq həyata keçirdiyimizi görməsi vacibdir. Biz qlobal sabitliyin qorunmasının və Amerika xalqına xidmətin əsas elementi kimi opponentlərimizlə danışırıq, anlaşılmazlığın olmaması üçün bir-birimizlə açıq şəkildə danışırıq.”
Lakin verilən suala cavab olaraq o, Pekini qıcıqlandıra biləcək mövqeyini bir daha təkrar edərək, Şinin diktator olduğuna inandığını bildirdi.
ABŞ prezidenti Co Bayden
“Baxın, mən onu nəzərdə tuturam ki, o, diktatordur...”
Görüşü izləyənlərin çoxu böyük nəticələr gözləmədiklərini, lakin iki lider arasında danışdıqlardan məmnun olduqlarını bildiriblər.
Ənvər İbrahim, Malayziyanın baş naziri
“Prezident Bayden və Şi Tsinpin arasında olan bu qarşılıqlı əlaqə mənim fikrimcə, çox vacibdir, çünki bu, iqlim, Ukrayna və ya Qəzza kimi ciddi problemləri həll etmək üçün birlikdə işləmək və bir-birimizə etibar etmək üçün burada olduğumuza dair aydın siqnal göndərir. Dünyada çoxlu mübahisəli məsələlər var və siz onları həll etməyə çalışmalısınız”.
Təhlilçilər San-Fransiskoda eyni vaxtda keçirilən Asiya-Sakit Okean iqtisadi sammitinin uğurunun dünyanın iqtisadi cəhətdən iki ən böyük ölkəsinin nə qədər yaxşı anlaşa bilməsindən asılı olduğunu deyirlər.
Maykl Froman, Xarici Əlaqələr Şurası
“Mən düşünürəm ki, bu, prezident Bayden və prezident Şi arasında mühüm görüşdür və burada əsas məqsəd 2024-cü ildən əvvəl münasibətləri sabitləşdirməkdir. Bu, həm ikitərəfli məqsədlər, həm də daha geniş APEC regionu üçün nəzərdə tutulub. Oradakı ölkələr, onların iqtisadiyyatları ABŞ və Çinin xüsusən də yanvarda Tayvanda keçiriləcək seçkilər və noyabrda keçiriləcək ABŞ seçkiləri ərəfəsində bir növ sabit münasibətlərə malik olmasını istəyir”.
Bayden deyib ki, o və Şi ünsiyyəti və əməkdaşlığı davam etdirəcək. Onun sözlərinə görə, dünya bunu gözləyir.
Forum