Cənubi Koreyanın müdafiə nazirliyi bildirib ki, Cənubi Koreya, Yaponiya və ABŞ-ın müdafiə nazirləri Şimali Koreya raketləri ilə bağlı real vaxt rejimində məlumat mübadiləsi əməliyyatına planlaşdırıldığı kimi dekabr ayında başlamaq barədə razılığa gəlib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bazar günü Seulda Cənubi Koreyalı həmkarı Şin Von-sik və Yaponiyanın müdafiə naziri Minoru Kihara ilə görüşüb. Kihara jurnalistlərə bildirib ki, nazirlər “ciddi təhlükəsizlik mühiti” şəraitində üçtərəfli əməkdaşlığın gücləndirməsin müzakirə ediblər.
Onun sözlərinə görə, nazirlər ilk dəfədir ki, belə bir toplantı keçirir. "Biz təsdiq etdik ki, davamlı olaraq düzəlişlər edirik, prosesi son mərhələyə gətiririk", Kihara əlavə edib.
ABŞ prezidenti Co Bayden Cənubi Koreya prezidenti Yoon Suk Yeol və Yaponiyanın baş naziri Fumio Kişida ilə avqustun 18-də keçirilən sammitdə razılaşıb ki, bu ilin sonuna qədər üç ölkə Şimali Koreyanın raket xəbərdarlığı məlumatlarını real vaxt rejimində paylaşacaq.
Nazirlər həmçinin Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın artmasını BMT qətnamələrinin pozulması kimi qiymətləndirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Tayvan boğazı boyunca sülh və sabitliyin vacibliyini vurğulanıb.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Q. Braun bazar günü Seulda Cənubi Koreyalı həmkarı ilə danışıqlar aparıb. Oktyabr ayında vəzifəyə gəldiyindən bəri Cənubi Koreyaya ilk səfərində ABŞ generalı Şimali Koreyanın "davamlı təxribatlarını", o cümlədən raket buraxılışlarını müzakirə edib və ABŞ-ın Cənubi Koreyanın müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib.
Forum